RU

“Sabah” Rüstəmlə Camala ehtiyac duymadı – ARENA.AZ

Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Sabah” qapıçısı Rüstəm Samiqullin və hücumçusu Camal Cəfərovla yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Premyer Liqanın lideri bu iki futbolçu ilə vidalaşıb. Klub rəhbərliyi onlara xidmətləri üçün təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.

Rüstəm Samiqullin Rusiyanın “Stroqino” klubunun yetirməsidir. O, 2020-ci ilin yanvarından “Sabah”ın sıralarında idi. Bir müddət “Səbail” və “Neftçi”də icarədə olmuş Samiqullin “bayquşlar”ın əsas komandasında cəmi 5 oyun keçirib, 6 qol buraxıb, 1 matçda qapısını toxunulmaz saxlayıb.

23 yaşlı Rüstəm Azərbaycanın U-17 və U-21 yığmalarında forma geyinsə də, əsas millimizdə debüt şansı qazanmayıb.

Camal Cəfərov da Rusiyanın “Anji” klubunun yetirməsidir. O, isə “Sabah”a 2020-ci ilin yayında qoşulmuşdu. Bu müddət ərzində 2 dəfə “Kəpəz”ə icarəyə verilmiş Camala paytaxt klubunun əsas komandasında 24 oyun keçirmək qismət olub. O, bu oyunlarda cəmi 1 assistlə yadda qalıb.

23 yaşlı Camal da Azərbaycanın U-17 və U-21 yığmalarında forma geyinib, amma əsas millidə oynamaq şansı qazanmayıb.

Sonda onu da qeyd edək ki, Camal Cəfərovun bundan sonrakı karyerasını yenə “Kəpəz”də davam etdirməsi gözlənilir. Rüstəm Samiqullinin hansı kluba keçəcəyi isə hələ bəlli deyil.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
19
11
arena.az

10Источники