AZ

Rəşad Sadıqov Anatoli Nuriyevin transferindən danışdı – ARENA.AZ

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 20-ci turunda “Karvan”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Zirədə baş tutmuş görüşü qəsəbə təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Rəşad Sadıqov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Gərgin oyun keçdi. Belə olacağını gözləyirdik. Rəqibimiz hər oyuna sonuncu matç kimi çıxır. Hər xal onlar üçün çox önəmlidir. Bilirdik ki, qarşımızda möhkəm komanda olacaq. Müdafiə davranışları fərqli idi, daha kompakt oynadılar. Oyunboyu yaxşı hücumlarımız var idi. 2-ci və ya 3-cü qolu vursaydıq, matç daha rahat keçərdi. Amma vacib olan odur ki, qalib gəldik. Rəqibə qol epizodu vermədik. Futbolçularımı təbrik edirəm. Çox vacib və stressli görüşdə qələbə qazandıq.

İstəyimiz ən azından avrokuboklara düşməkdir. Çox istəyərdik ki, Avropaya gedək. Amma bu mövsüm rəqabət daha fərqlidir. İki komanda çempionluq uğrunda mübarizə aparır, digər 5 komanda avrokuboklara vəsiqə uğrunda mübarizə aparacaq. Rəqiblərimizin də yaxşı heyəti var. Yaxşı performans göstərilər. İstədiyimizi nə qədər reallaşdıracağıq, onu zaman göstərəcək. Ən vacib olan zədəlilərimizin az olması, futbolçuların yaxşı formada olmasıdır”.

Rəşad Sadıqov Anatoli Nuriyevin “Zirə”yə transferindən də söhbət açıb:

“Anatoli Nuriyevi futbolçu olaraq həmişə bəyənmişəm. “Sabah”a müraciət etdik və buna müsbət cavab verdilər, Nuriyevin keçidinə razı oldular. Bizim üçün vacib transfer idi. Buna görə “Sabah”a təşəkkür edirəm. Yaxından və yaxşı tanıdığım oyunçudur. Son vaxtlarda az oynayıb. Amma zamanla daha yaxşı formaya düşəcək”.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
6
4
arena.az

10Mənbələr