AZ

Xorxe Kaskilya: “Qarabağ”la heç-heçə daha ədalətli nəticə olardı” – ARENA.AZ

“İmişli”nin baş məşqçisi Xorxe Kaskilya Azərbaycan Premyer Liqasının 20-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Qubada baş tutmuş oyunu “İmişli”nin 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Xorxe Kaskilya matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Çox çətin və mübarizəli oyun getdi. Hər iki komanda qələbə qazanmaq istəyirdi. Komandam bu gün taktiki cəhətdən yaxşı oyun göstərdi. “Qarabağ”ın hücum xəttinin qarşısını ala bilirdik. İkinci hissədə standart vəziyyətdə bir səhv qolla nəticələndi. Bu da qələbə qolu oldu. Komandamın oyunundan razı qaldım. Yaxşı oynadıq, sona qədər mübarizə apardıq. Məğlubiyyət futbolun bir hissəsidir, amma heç-heçə daha ədalətli nəticə olardı.

Stadiona toplaşmış azarkeşlərin rəqibi dəstəlməsinin bizim oyunumuza elə də böyük təsiri yox idi. İlk dəfədir ev oyunumuza bu qədər azarkeş gəlir. Onların “Qarabağ”ı dəstəkləməsi bizim oyunçulara motivasiya verirdi. Bu, bizə heç bir problem yaratmadı.

Dioqo Almeydanın lazımsız qırmızı vərəqə aldığı epizodu təhlil edəcəyik. Onun barəsində tədbir görüləcək”.

Xorxe Kaskilya “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun meydançanın durumu barədə fikirlərinə də münasibət bildirib:

“Meydançanın vəziyyətinə baş məşqçi cavabdeh deyil. Bu sual rəhbərliyə verilsə, daha yaxşı olar. Qurban Qurbanov kimi məşqçi burada sadəcə bir oyun keçirəndən sonra belə narazılıq edibsə, bizim futbolçular necə razı qala bilərlər? Burada 16-17 oyun keçirməliyik. Əlbəttə, meydaçanın təsiri böyükdür. Ötən oyunda Yav Mozes, bu gün Mehdi Tahirov zədələndi. Futbolçular da meydançanın təsirini hiss edirlər. Burada oynamağımız nə məndən, nə də oyunçulardan asılıdır”.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
25
3
arena.az

10Mənbələr