Son dövrlər sosial şəbəkələrdə cəmiyyətdə ciddi narahatlıq doğura biləcək informasiyaların yayılması müşahidə olunur.
Xüsusilə dezinformasiya və digər zərərli məzmunların artması ictimai müzakirələrə səbəb olub.
Məlum olduğu kimi, geniş istifadə olunan sosial şəbəkə platformaların, məsələn, "Facebook", "Instagram" və digərlərinin idarə olunmasında Azərbaycan iştirak etmir və bu platformalar xarici mərkəzlərə tabedir. Bir sözlə ölkənin bu platformaların fəaliyyətinə birbaşa təsir imkanı yoxdur.
Bəs informasiya təhlükəsizliyi ilə bağlı risklərin artdığı bir dövrdə Azərbaycan özünün sosial şəbəkəsini yarada bilərmi?
Bununla bağlı "Cebheinfo.az"-a açıqlamasında İKT üzrə ekspert Elvin Abbasov bildirib ki, 2010-cu ildən etibarən Azərbaycanda yerli, milli sosial şəbəkənin yaradılması istiqamətində dəfələrlə cəhdlər göstərilib:

“Hətta müxtəlif dövrlərdə ölkə daxilində kiçik müstəvidə bir neçə sosial şəbəkələr də yaradılsa da, bu platformaların heç biri uğur qazana bilməyib.
Çünki Azərbaycan əhali olaraq azdı və internet seqmenti, istifadəçisi baxımından kiçik bazara malikdir. İstifadəçilər sosial şəbəkələrdən əsasən geniş auditoriyaya çıxmaq məqsədilə istifadə edirlər.
Azərbaycan daxilində yaradılan sosial şəbəkələr isə beynəlxalq səviyyədə rəğbət görmədiyi üçün yerli istifadəçilər tərəfindən qısa müddət sonra maraq azalır. Nəticədə bu platformaların dayanıqlılığı zəifləyir və fəaliyyətlərini davam etdirə bilmirlər".
Elvin Abbasov vurğulayıb ki, Azərbaycanda yerli milli sosial şəbəkəyə ehtiyac var və bu, bir zərurətdir:
"Bununla belə, Azərbaycanda yerli, milli sosial şəbəkəyə ehtiyacın olduğu da danılmazdır. Bu zərurət xüsusilə İkinci Qarabağ müharibəsi dövründə açıq şəkildə özünü göstərdi.
Həmin vaxt dövlət tərəfindən sosial şəbəkələr müvəqqəti olaraq bloklandıqda, vətəndaşlar informasiya mübadiləsində ciddi çətinliklərlə üzləşdilər. Əgər həmin dövrdə yerli sosial şəbəkə mövcud olsaydı, bu boşluq müəyyən qədər aradan qaldırıla bilərdi".
Ekspert əlavə edib ki, əslində, belə platformaların yaradılmasına daha əvvəl cəhd olunmuşdu, lakin uğursuzluqlar səbəbindən ehtiyac yarandığı anda istifadə edilə biləcək alternativ sosial şəbəkələr mövcud olmadı və istidadə edə bilmədik:
"Bu fakt bir tərəfdən yerli sosial şəbəkəyə ehtiyacın olduğunu, digər tərəfdən isə əhalinin və istifadəçi sayının az olması səbəbindən bu cür platformaların dayanıqlı ola bilmədiyini göstərdi. Onlar öz xərclərini qarşılaya bilmədilər.
Bu baxımdan, yerli sosial şəbəkələrin dayanıqlılığı üçün müəyyən dövlət dəstəyinin göstərilməsi vacibdir. Xüsusilə belə platformaların ilkin mərhələdə dayanıqlılığının təmin edilməsi üçün dəstək mexanizmləri formalaşdırıla bilər. Çünki belə bir resursa ehtiyac var və hər zaman zərurət yarana bilər".
O bildirib ki, ölkədə yerli sosial şəbəkənin yaradılması hazırda biznes baxımından uğurlu layihə deyil:
"Biznes baxımından məsələyə yanaşdıqda, server xərcləri, proqramçıların əməkhaqqı və digər texniki məsələlər nəzərə alındıqda, Azərbaycanda yerli sosial şəbəkə layihələrinin maliyyə baxımından özünü doğrultması çətin görünür.
Məhz bu səbəbdən də dəfələrlə buna cəhd olunsa da uğursuzla nəticələndi və hazırda bu sahə biznes baxımından cəlbedici layihə hesab edilmir".