ABŞ-ın Yaxın Şərqdə hərbi mövcudluğunu artırması regionda təhlükəsizlik balansına dair sualları yenidən gündəmə gətirib. Xüsusilə Fars körfəzi istiqamətində əlavə hərbi gəmilərin göndərilməsi və Vaşinqtondan səslənən sərt bəyanatlar İran ətrafında geosiyasi gərginliyin daha da artacağına dair ehtimalları gücləndirir. Mövcud vəziyyət təkcə ABŞ–İran münasibətləri kontekstində deyil, eyni zamanda region ölkələrinin, o cümlədən Azərbaycanın maraqları baxımından da diqqətlə izlənilməlidir.
Məsələ ilə bağlı politoloq Elçin Xalidbəyli Editor.az-a açıqlamasında bildirib ki, ABŞ dövlət katibi Marko Rubionun son bəyanatları Ağ Evin əsas hədəflərinin humanitar xarakter daşımadığını açıq şəkildə ortaya qoyur:
“ABŞ-ın əsas məqsədi İranda baş verən kütləvi etiraz aksiyalarında iştirak edən şəxslərin hüquqlarını qorumaq deyil, Yaxın Şərqin geosiyasi xəritəsini yenidən formalaşdırmaqdır. Bu yeni dizaynda isə İranın regional rolunun ciddi şəkildə məhdudlaşdırılması əsas prioritet kimi çıxış edir. Politoloq qeyd edib ki, bu proses yeni deyil və artıq uzun müddətdir mərhələli şəkildə həyata keçirilir.
Əvvəlki mərhələlərdə İranın regionda fəaliyyət göstərən proksi qüvvələrinin təsir imkanları xeyli zəiflədilib. Növbəti mərhələdə isə ABŞ İranı birbaşa hərbi təzyiq altına salmaqla onu strateji seçim qarşısında qoymağa çalışır. Hazırkı hərbi aktivlik də məhz bu məqsədə xidmət edir”.
Politoloqun fikrincə, İranın bu vəziyyətə düşməsində rəsmi Tehranın illərdir apardığı siyasətin də mühüm rolu var:
“Belə ki, İran demək olar bütün sərhəd qonşuları ilə problemlər yaşayır və onların daxili işlərinə müdaxilə cəhdləri ilə regional təcrid vəziyyətinə düşüb. Bu səbəbdən mümkün hərbi eskalasiya fonunda İranı açıq şəkildə müdafiə edən dövlətlərin sayı məhduddur.
İranı müdafiə edən bəzi ölkələr də bunu Tehrana simpatiyadan deyil, mümkün müharibənin regionda, o cümlədən qonşu ölkələrdə yaratdığı təhlükələrə görə edirlər. Bu isə İranın real müttəfiq bazasının zəif olduğunu göstərir. ABŞ-ın İrandan konkret və sərt tələbləri mövcuddur. Bu tələblər sırasında İranın nüvə silahı proqramından tam imtina etməsi, uranın zənginləşdirilməsinin dayandırılması və hətta dinc məqsədlər üçün belə bu prosesin İran ərazisində aparılmamasının qəbul edilməsi yer alır. Bundan əlavə, Vaşinqton İranın müxtəlif regionlarda fəaliyyət göstərən silahlı proksi qüvvələrinə dəstəyi tamamilə dayandırmasını tələb edir”.
Elçin Xalidbəyli xüsusi olaraq vurğulayıb ki, bu tələblər sırasında İran daxilində etiraz aksiyalarında iştirak edən insanların hüquqlarının qorunması ilə bağlı hər hansı şərt mövcud deyil:
“Ağ Ev üçün əsas prioritet humanitar məsələ deyil, milli maraqlar və geosiyasi üstünlüklərdir. Əgər rəsmi Tehran ABŞ-ın irəli sürdüyü şərtləri qəbul edərsə, hərbi müdaxilə ssenarisi gündəmdən çıxa bilər. Əks halda, hazırda təzyiq xarakteri daşıyan hərbi güc nümayişi real hərbi əməliyyatlara çevrilə və İrana qarşı zərbələr endirilə bilər. Bu baxımdan mövcud gərginliyin gələcək taleyi birbaşa Tehranın verəcəyi qərarlardan asılı olacaq”.
//Gülnarə Abasova, Editor.az