Strateji muxtariyyət doktrinası və Transatlantik münasibətlərin gələcəyi
Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın Avropa Müdafiə Agentliyinin illik konfransında səsləndirdiyi fikirlər və yanvarın 27-də Yeni Dehli ilə imzalanan tarixi Sərbəst Ticarət Sazişi (STS) Brüsselin strateji muxtariyyət kursunun dönməz xarakter aldığını nümayiş etdirir. Məsələyə sırf siyasi bəyanat kimi yanaşmaq sadəlövhlük olardı, çünki diplomatik ritorikanın arxasında dayanan iqtisadi və hərbi mexanizmlər artıq işə salınıb. Hindistanla bağlanan ticarət paktı Avropanın iqtisadi diversifikasiya axtarışlarının yalnız Çindən qopmaq məqsədi daşımadığını, həmçinin Amerikanın proteksionist siyasətinə qarşı alternativ qütb yaratmaq niyyətini ortaya qoyur.
Aİ diplomatiyasının rəhbəri tərəfindən səsləndirilən “daha Avropa mərkəzli NATO” çağırışı alyansın struktur yenidənqurmasına yönəlmiş konkret fəaliyyət planıdır. Mövcud vəziyyət Vaşinqtonun qlobal maraqlarının artıq Avropa qitəsinə fokuslanmadığı, əksinə, Sakit okean hövzəsinə və daxili izolyasionizmə yönəldiyi reallığından qaynaqlanır. Kallasın xəbərdarlığı Avropa paytaxtlarına ünvanlanmış ayıq olmaq siqnalıdır. Təhlükəsizlik arxitekturası artıq ABŞ-ın “nüvə çətiri” və ya hərbi kontingentinin daimi mövcudluğu üzərində qurula bilməz. Yanvarın 28-də Brüsseldə keçirilən konfransda səslənən fikirlər Avropanın hərbi-sənaye kompleksinin (HSK) dirçəldilməsi və qitənin özünümüdafiə qabiliyyətinin tamamilə yerli resurslar hesabına təmin edilməsi zərurətini diktə edir.
Hindistanla imzalanan Sərbəst Ticarət Sazişi strateji muxtariyyətin iqtisadi bazisini formalaşdırmaq məqsədi daşıyır. İki milyardlıq əhalini əhatə edən nəhəng bazarın yaradılması geosiyasi manevrdir. Sazişin detallarına nəzər saldıqda aydın olur ki, tərəflər arasında gömrük rüsumlarının 96,6 faiz həcmində ləğv edilməsi Avropa istehsalçıları üçün misli görünməmiş imkanlar açır. Lakin məsələnin görünməyən tərəfi daha maraqlıdır. Avropa İttifaqı atdığı bu addımla ticarət axınlarını ABŞ bazarından və dolların hegemonluğundan, qismən də olsa, sığortalamağa çalışır. Yeni Dehli ilə qurulan birbaşa ticarət və logistika körpüləri Avropanın Asiya bazarlarına çıxışını Vaşinqtonun vasitəçiliyi olmadan reallaşdırmasına şərait yaradır.
Kaya Kallasın bəyanatındakı ən önəmli məqamlardan biri də “özünü təmin edən lider” ifadəsidir. Bu ifadə Avropanın onilliklər ərzində formalaşmış “yumşaq güc” doktrinasından imtina edərək “sərt güc” elementlərini mənimsəməyə başladığını göstərir. Təhlükəsizlik sahəsindəki mövcud boşluqlar və Rusiyanın yaratdığı konvensional təhdidlər Avropa liderlərini hərbi xərcləri artırmağa və vahid ordu quruculuğu ideyasını yenidən gündəmə gətirməyə məcbur edir. Kallasın NATO-nun “daha Avropa mərkəzli” olması tələbi Alyansın komanda-idarəetmə strukturunda köklü islahatların aparılmasını nəzərdə tutur. Məsələn, Avropa Müttəfiq Qüvvələri Ali Baş Komandanı (SACEUR) vəzifəsinin ənənəvi olaraq amerikalı general tərəfindən tutulması praktikası gələcəkdə sual altına alına bilər. Əgər Avropa müdafiəsi üçün tələb olunan maliyyə yükünün böyük hissəsini təkbaşına üzərinə götürəcəksə, təbii olaraq qərarların qəbulu prosesində də həlledici səs hüququ tələb edəcək. İndiki situasiya Vaşinqtonda müəyyən narahatlıq doğura bilər, lakin ABŞ-ın daxili siyasi dairələrində də “yükü paylaşmaq” tərəfdarlarının sayı artmaqdadır.
Hindistan–Aİ sazişinin başqa strateji ölçüsü də Çin faktorudur. Pekinin qlobal ticarətdəki dominant mövqeyini balanslaşdırmaq üçün həm Brüssel, həm də Yeni Dehli təbii müttəfiq kimi çıxış edirlər. Avropa üçün Hindistan bazarı Çinin itirilməsi ehtimalına qarşı nəhəng sığorta qurşağıdır. Lakin burada incə məqam var. Avropa yaxınlaşmanı ABŞ-ın Çinə qarşı apardığı aqressiv “soyuq müharibə” strategiyasını müstəqil “üçüncü yol” strategiyası kimi təqdim edir. Yəni Brüssel Pekinlə münasibətlərdə şəxsi iqtisadi maraqları çərçivəsində hərəkət edəcəyini, eyni zamanda, Hindistanla əlaqələri dərinləşdirərək Asiyada çoxqütblü nizamı dəstəklədiyini nümayiş etdirir.
Hərbi sahədə baş verəcək hadisələr isə daha dramatik xarakter daşıyır. Aİ ölkələrinin hərbi büdcələrini ÜDM-in yüksək faiz dərəcəsinə qaldırması qaçılmaz olacaq. İndiyə qədər mövcud olan “rifah dövləti” modelindən “təhlükəsizlik dövləti” modelinə keçid Avropa cəmiyyətlərində sosial narazılıqlar yarada bilər. Lakin Kallas və komandası mövcud geosiyasi təhdidləri əsas gətirərək ictimai rəyi səfərbər etməyə çalışacaqlar. Avropa Müdafiə Fondu və digər birgə maliyyələşmə mexanizmləri vasitəsilə Ümumavropa hərbi layihələrinin altıncı nəsil qırıcıların, yeni tankların və hava hücumundan müdafiə sistemlərinin yaradılması prosesi sürətlənəcək. Hindistanla hərbi-texniki əməkdaşlıq da gündəmə gələ bilər. Dehli ənənəvi olaraq Rusiya silahlarından asılı olsa da, son illərdə Qərb texnologiyalarına maraq göstərir. Avropanın boşluğu doldurması, həm də Rusiyanın Hindistan bazarındakı mövqeyini zəiflədəcək.
Avropanın hərbi-sənaye kompleksindəki canlanmanın iqtisadiyyatın digər sahələrinə də təkan verəcəyi proqnozlaşdırılır. “ReArm” (Yenidən Silahlanma) təşəbbüsləri çərçivəsində ayrılacaq milyardlarla avroluq investisiyalar elmi-tədqiqat işlərini stimullaşdıracaq. Avropa uzun illər ərzində ABŞ-ın hərbi texnologiyalarından asılı qaldığı üçün potensialını tam reallaşdıra bilmirdi. Hindistanın proqram təminatı və kosmik sənaye sahəsindəki təcrübəsi ilə Avropanın dəqiq mühəndislik ənənələrinin birləşməsi, qlobal texnologiya bazarında yeni rəqabət mühiti yarada bilər. Kallasın vurğuladığı “müstəqil təminat” prinsipi məhz belə sinerji effektlərinin əldə edilməsinə hesablanıb. Təbii ki, prosesin riskləri də az deyil. ABŞ-ın cavab tədbirləri, qlobal maliyyə bazarlarındakı daxili populist hərəkatların təzyiqi Avropanın kursunu dəyişə biləcək amillər sırasındadır.
Kaya Kallasın yanvarın 28-də səsləndirdiyi fikirlər və yanvarın 27-də imzalanan Aİ–Hindistan sazişi Qlobal Şimalın daxili strukturunda baş verən “tektonik dəyişikliklərin” carçısıdır. Artıq aydındır ki, “Kollektiv Qərb” anlayışı mahiyyətini dəyişir və daha çevik, lakin mərkəzləşdirilməmiş formata keçir. Avropa İttifaqı dünya siyasətində fərdi, müstəqil və iddialı rol oynamağa qərar verib. Verilən qərarların uğurlu olub-olmayacağını isə zaman göstərəcək. Avropanın qarşısında duran əsas vəzifə daxili birliyi qorumaqla yanaşı, xarici siyasətdə elan etdiyi müstəqilliyi real güc resursları ilə dəstəkləməkdir. Əks təqdirdə, Kallasın bəyanatları, sadəcə, xoş niyyətli arzular kimi qalacaq.
Yusif ŞƏRİFZADƏ
XQ