Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2025/2026-cı illər mövsümünün 11-ci turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, turun açılış oyununda “Lənkəran” “Ordu”nu qəbul edib.
Lənkəran Olimpiya İdman Kompleksində baş tutmuş qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb – 103:63
Xallarının sayını 29-a çatdıran “Ordu” B qrupunda vahid liderdir. Meydan sahibləri 19 xalla sonuncu – altıncıdır.
14-cü tura fevralın 1-də yekun vurulacaq.
Bu gün həm də 11-ci turdan təxirə salınmış NTD – “Gəncə” görüşü baş tutub. Bakı İdman Sarayında keçirilmiş A qrupunun matçı gəncəlilərin 102:95 hesablı qələbəsi ilə bitib.
A qrupu: Abşeron Lions – 27. Sabah – 27. Neftçi – 20. Gəncə – 20. NTD – 17. Şəki – 16.
B qrupu: Ordu – 29. Naxçıvan – 25. Sumqayıt – 19. Quba – 19. Lənkəran – 19. Sərhədçi – 18.
Xatırladaq ki, ABL oyunları dörd dövrədən və 20 turdan ibarət olacaq. Müntəzəm mövsümün oyunları A və B qruplarına bölünməklə keçirilir. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla yanaşı, B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaq. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. Bu mərhələdə ən tez iki qələbə qazanacaq klublar 1/4 finala yüksələcəklər. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək.
Final seriyasında isə ən tez 3 qələbə qazanacaq klub Azərbaycan Basketbol Liqasının çempionu olacaq.
