AZ

Xviça Kvaratsxeliya ÇL matçında ağır zədə aldı – ARENA.AZ

PSJ-nin hücumçusu Xviça Kvaratsxeliya UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Nyukasl”a qarşı keçirdikləri matçda ağır zədə alıb.

Arena.az xəbər verir ki, ÇL-in Liqa mərhələsinin 8-ci turunun oyunu 1:1 hesablı bərabərliklə yekunlaşıb.

Bu matçın ilk hissəsində meydanın mərkəzində qonaqların hücumçusu Entoni Elanqa təhlükəli şəkildə topa müdaxilə edərək gürcü futbolçunun topuğunu sıxıb. İsveçli futbolçu bu kobudluğa görə yalnız sarı vərəqə ilə cəzalandırılıb. Kvaratsxeliya isə aır zədəyə görə meydanı erkən tərk edib. Onun yerinə Dezire Due meydana buraxılıb.

Matçdan sonra keçirilmiş mətbuat konfransında PSJ-nin baş məşqçisi Luis Enrike Kvaratsxeliyanın zədəsinin ciddi olduğunu söyləyib. Amma o, yalnız tibbi müəyinədən sonra futbolçunun yekun durumu barədə məlumat verə biləcəklərini söyləyib.

Xatırladaq ki, PSJ və ya “Nyukasl” (İngiltərə) ÇL-in pley-off mərhələsində “Qarabağ”ın rəqibi olacaq. Mərhələnin püşkü sabah atılacaq.

PSJ Kvaratsxeliyanı 2025-ci il yanvarın 17-də heyətinə qatıb. Tərəflər arasında müqavilənin müddəti 2029-cu ilin 30 iyununa qədərdir. Gürcü futbolçu Paris klubuna 2022-ci ildən çıxış etdiyi “Napoli”dən 70 milyon avro məbləğ müqabilində keçib.

Xviça indiyə qədər PSJ-nin heyətində 59 oyuna çıxıb, 15 qol vurub, 14 məhsuldar ötürmə müəllifi olub.

Gürcü futbolçu klub karyerası ərzində “Dinamo” (Batumi), “Rubin” (Kazan), “Lokomotiv” (Moskva), “Rustavi”, “Dinamo” (Tiflis) və “Napoli” komandalarında oynayıb. O, Neapol klubu ilə İtaliya çempionu olub.

Xviça Kvaratsxeliya 2019-cu ilin iyununda debüt etdiyi Gürcüstan yığmasının heyətində 47 oyuna 20 qol vurub, 10 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 24 yaşlı gürcü sol cinah hücumçusunun transfer dəyərini 90 milyon avro məbləğində qiymətləndirir.

Xatırladaq ki, Xviçanın atası Badri Kvaratsxeliya vaxtilə Azərbaycanın “Kəpəz” və “Şəmkir” komandalarında çıxış edib. Badri Kvaratsxeliya həm də Azərbaycan milli komandasının uğurları üçün çalışıb.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
12
9
arena.az

10Mənbələr