Fransa çempionu PSJ-nin baş məşqçisi Luis Enrike UEFA Çempionlar Liqasının (ÇL) pley-off mərhələsində “Qarabağ”la qarşılaşmağı arzulayır.
Arena.az xəbər verir ki, ispaniyalı mütəxəssis bu barədə klubun mətbuat xidmətinə açıqlamasında bildirib.
Luis Enrike qrup mərhələsinin çətinliyini vurğulayaraq, “Monako” və ya “Qarabağ”la oynamağa hazır olduqlarını bildirib:
“Bu mərhələni keçməyin nə qədər çətin olduğunu bizdən yaxşı bilən komanda yoxdur. Ümid edirəm ki, rəqibimiz Fransa təmsilçisi olmaz. Çünki yerli komandalara qarşı oynamaqdan yorulmuşuq, başqa ölkəyə, “Qarabağ”la səfər oyununa getmək daha yaxşı olardı. Biz çətin səfər matçlarına öyrəşmişik və inanıram ki, orada da yaxşı anlar yaşayacağıq”.
Xatırladaq ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsini 10 xalla 22 sırada bitirən “Qarabağ” pley-offda İngiltərənin “Nyukasl” və ya Fransanın PSJ komandası ilə üz-üzə gələcək. Bu raundun püşkü yanvarın 30-da atılacaq.
