RU

İrəvanın KTMT oyunu: həm qorxur, həm də boykot edir

Ermənistan “təhlükəli sularda üzür”; Paşinyan bunu edərsə...

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitində iştirak etməkdən növbəti dəfə imtina edib. Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, Ermənistan nümayəndələri 27 noyabrda Bişkekdə keçiriləcək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitində iştirak etməyəcək. Uşakov bildirib ki, İrəvan sammitə qatılmasa da, əvvəlcədən təşkilatçılara qəbul olunacaq razılaşdırılmış sənədlərə etirazının olmadığını çatdırıb.

Ermənistan artıq neçənci dəfədir ki, KTMT-nin sammit və təlimlərində iştirak etmir, fəaliyyətini dondurduğunu bildirir. Qurumun baş katibi isə deyib ki, nizamnamədə “fəaliyyəti dondurmaq” anlayışı yoxdur, yəni ya iştirak edirsən, ya da təşkilatdan çıxırsan. 

Paşinyan administrasiyası de-fakto bu qurumdakı işini dayandırıb, amma təşkilatdan çıxmaqla bağlı de-yure qərar verməyə tərəddüd edir. Rəsmi İrəvan KTMT-ni ittiham edir ki, 44 günlük müharibədə üzv ölkə olan Ermənistana dəstək olmayıb. Müharibə isə Ermənistanda yox, Azərbaycan ərazisində gedirdi və Ermənistan hərbi təcavüzə məruz qalmamışdı.

O halda Ermənistan niyə KTMT-nin iclaslarını boykot edir? Bunun Qərblə yaxınlaşma və Kremldən uzaqlaşma ilə əlaqəsi varsa, Paşinyan nə üçün cəsarət edib təşkilatdan de-yure çıxmır?

Sona

Sona Əliyeva

Siyasi təhlilçi Sona Əliyeva mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, Ermənistan de-fakto  KTMT-dən uzaqlaşıb. Baş nazir Paşinyan Avropaya üz tutmaqda israrlıdır. Hələ ki o, “su üstündə ehmallıca yerimək” taktikası ilə hərəkət edir. Rusiyadan birbaşa və qəti uzaqlaşmaq Ermənistanı böyük bəlalara sürükləyə bilər. Fikrimcə, Ermənistanın 27 noyabr 2025-ci il tarixli KTMT sammitində iştirak etməyəcəyini açıqlaması İrəvan-Moskva münasibətlərində uzun müddətdir yığılan ziddiyyətlərin açıq təzahürünə çevrilib. 

Bu addım, sadəcə, protokol xarakterli qərar deyil, Ermənistanın təhlükəsizlik arxitekturasını yenidən qurmaq, Rusiyadan strateji asılılığı azaltmaq və alternativ tərəfdaşlıqlara yönəlmək cəhdinin mühüm mərhələsidir. Rusiya tərəfi İrəvanın bu davranışını yalnız ikitərəfli münasibətlərə zərbə kimi deyil, həm də KTMT-nin bütövlüyünə və nüfuzuna təhlükə sayır. Ruslar düşünürlər ki, Ermənistan Qərbin təsiri altında səhv qərar verir və bu proses nə təhlükəsizlik baxımından, nə də geosiyasi reallıqlar kontekstində İrəvana fayda gətirəcək. Onlara görə, Qərb Ermənistanı Rusiya qədər təmin edə bilməyəcək və İrəvanın KTMT-dən uzaqlaşması yalnız özünə zərbədir. Amma Ermənistan fikrində və qərarında israrlıdır. İrəvan Moskvadan sükut sürəti ilə uzaqlaşmaq yolunu tutub, vəziyyətin tam yetişməsini gözləyir. Uyğun vəziyyət yaranan kimi İrəvan bunu açıq şəkildə ifadə edəcək".

Azərbaycan

Elşən Mustafayev

AMİP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayevin sözlərinə görə, Rusiya rəsmi İrəvanın KTMT-yə münasibətini qıcıqla qarşılasa da, cavab olaraq aqressiv münasibət də göstərmir: “Çünki hələ ilk günlərdən Rusiya açıq şəkildə bəyan etmişdi ki, əgər Ermənistan KTMT-dən çıxmaq haqqında qərar verərsə, o zaman Avrasiya İqtisadi Birliyində də üzvlük məsələsinə yenidən baxılacaq. Bu isə hazırkı durumda Ermənistanı dərin iqtisadi böhrana sala bilər. Çünki Rusiya ilə əlverişli şərtlərlə iqtisadi münasibətlərin alternativi hələ yoxdur. O səbəbdən İrəvan de-fakto tədbirlərə qatılmasa da, de-yure təşkilat üzvü kimi qalıb. Buna qədər olan iclaslara qatılmayanda orada razılaşdırılmış sənədlərə də hər hansı münasibət bildirməyib. İndi isə ilk dəfə olaraq bildirib ki, qatılmayacağı iclasda razılaşdırılmış sənədlərə etirazı olmayacaq. Təşkilatın baş katibinin bu məsələyə münasibəti rəsmi İrəvanda narahatlıq yaradıb. Məlumdur ki, KTMT adından verilən açıqlamalar Putinin açıqlamasıdır. Görünür, situasiyanı hazırkı dönəmdə daha da gərginləşdirməmək üçün bu addımı atıb. Gələn il iyun ayında keçiriləcək seçkilərə qədər Rusiyanın Ermənistana qarşı hər hansı iqtisadi pressinqlər etməsi seçkilərdə Paşinyanın partiyasının səslərinə ciddi təsir edə bilər. Odur ki, həmin dövrə qədər maksimum hədəflərdən yayınmaq üçün əllərində nə imkan varsa, istifadə edəcəklər. Onsuz da Rusiya etiraf etməsə belə, seçkilərə müdaxilə edəcək. Amma bunun üzərinə açıq şəkildə iqtisadi təzyiq vasitəsi tətbiq edərsə, bu daha ağır olacaq. Yəni Paşinyan seçkiləri gözləyir. Hesab edirəm ki, seçkilərdə qalib gələcəyi halda növbəti addım olaraq Azərbaycanla sülh müqaviləsi məsələsini yoluna qoymağa, sonra öz enerji təhlükəsizliyi məsələsini Azərbaycan vasitəsilə həll etməyə çalışacaq, Türkiyə ilə sərhədlər açılacaq və s. Azərbaycan prezidenti aylar öncə sülh müqaviləsi bağlanandan sonra Azərbaycanın Ermənistanın enerji təminatını - əsas qaz təminatını həyata keçirə biləcəyini söyləmişdi. Proseslər bu şəkildə davam edərsə, KTMT-dən çıxma şansları böyüyəcək. Amma həmin vaxta qədər Rusiyanın Ukrayna müharibəsində hansı vəziyyətdə olması da hadisələrin necə cərəyan edəcəyini müəyyən edəcək”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”


Избранный
40
12
musavat.com

10Источники