AZ

Ermənistanın KTMT-dən çıxması hansı fəsadlara yol açacaq? – Şok məqamlar

“KTMT-dən çıxmaq anti-Rusiya mövqeyi demək deyil”, – bu fikri Ermənistan parlamentinin spikeri Alen Simonyan səsləndirib. Simonyan hesab edir ki, Ermənistan KTMT-dən de-fakto çıxıb.
Ermənistanın KTMT-dən çıxması hansı fəsadlara yol açacaq?
Mövzu ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Kamran Məmmədli bunları deyib:
“İlk növbədə vurğulamaq lazımdır ki, Alen Simonyanın “KTMT-dən çıxmaq anti-Rusiya mövqeyi demək deyil” bəyanatı daha çox siyasi gedişdir və açıq şəkildə Rusiyada əlavə qıcıq yaratmamağa hesablanıb. Reallıqda isə Ermənistanın KTMT-dən çıxması birbaşa Rusiyanın maraqlarına və bölgədəki nüfuzuna zərbədir. Çünki KTMT Moskvanın Cənubi Qafqazda əsas təsir alətlərindən biri idi və Ermənistanın bu blokdan uzaqlaşması Rusiyanın regiondakı mövqelərini zəiflədir.
Fəsadlara gəlincə, burada bir neçə paralel proses işə düşəcək. İlk olaraq, Ermənistan öz təhlükəsizlik mühitini qeyri-müəyyənliklə əvəz edir. KTMT-dən çıxmaqla o, kollektiv müdafiə şəbəkəsindən uzaqlaşır və qısa müddət üçün real təhlükəsizlik boşluğu yaranır”.
Ekspert əlavə edib ki, Qərb ölkələri ilə yaxınlaşma siyasi jest səviyyəsində mümkündür, amma onların Ermənistan üçün KTMT-nin verdiyi səviyyədə hərbi öhdəlik götürməsi hələlik real görünmür:
“İkincisi, Moskvanın reaksiyası labüddür. Rusiya buna cavab olaraq iqtisadi, enerji və logistika rıçaqlarını işə sala bilər. Ermənistanın həm qaz, həm ticarət, həm də əmək miqrantları xətti ilə Rusiyadan ciddi asılılığı var və Moskva bu asılılığı siyasi təzyiq vasitəsinə çevirə bilər. 
Bu isə Ermənistanın daxili iqtisadi sabitliyinə müəyyən ziyan vura bilər. Üçüncüsü, regionda artıq yeni güc düzəni formalaşır. Rusiyanın zəifləyən mövqeyi həm Azərbaycan, həm Türkiyə, həm də Qərbin manevr imkanlarını genişləndirir”.
“Bu, təbii olaraq Azərbaycanın maraqlarına cavab verir və bizim üçün yaxşıdır. Çünki biz də illər boyu Rusiyanın təzyiq və təhdidlərindən, 5-ci kalonundan əziyyət çəkmişik.
Ermənistanın Rusiyanı bölgədən uzaqlaşdırmaq cəhdi ilk növbədə bizim üçün əlavə imkanlar yaradır. Ermənistanın özü isə hesab edirəm, daha təklənmiş vəziyyətə düşəcək. Rusiyadan uzaqlaşıb Aİ-yə və ya NATO-ya üzv olmayacaq. Heç buna bizdən öncə Rusiyanın özü belə imkan verməz. Ukrayna misalı göz önündədir. Bu səbəbdən hesab edirəm ki, bizim üçün narahat doğuracaq heç bir məqam yoxdur. Əksinə, bu, həm Rusiyanın bölgədəki nüfuzuna, həm də Ermənistanın özünün təklənməsinə gətirib çıxaracaq”, – Kamran Məmmədli bildirib.
Seçilən
31
12
nocomment.az

10Mənbələr