AZ

Paşinyan “KTMT-yə boykot” kursundan bu dəfə də dönmədi...


Məhəmməd Əsədullazadə: “İrəvan növbəti mərhələdə KTMT-ni tərk etməyi qarşısına məqsəd qoyub”

Ermənistan noyabrın 27-də Bişkekdə keçiriləcək KTMT sammitinə qatılmaqdan imtina edib. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bəyan edib ki, Ermənistan xaric digər üzvlərin hamısı tədbirə qatılacaq.

O, Rusiya, Qırğızıstan, Belarus, Qazaxıstan və Tacikistan liderlərinin sammitdə iştirak edəcəyini açıqlayıb. Onun sözlərinə görə, Ermənistan sammitdə iştirak etməyəcək, lakin razılaşdırılmış sənədlərin qəbul edilməsinə qarşı deyil. Kreml rəsmisi qeyd edib ki, KTMT sammitinin yekun bəyannaməsində beynəlxalq və regional gündəmdəki əsas məsələlərə ümumi yanaşmalar əks olunacaq. Qeyd olunub ki, Rusiya prezidenti Vladimir Putin ənənəvi olaraq Bişkekə səfərini başa vuraraq mətbuatın qarşısına çıxacaq.

Görünən odur ki, Ermənistan baş naziri Nikol Paşinyan KTMT-ni boykot etmək siyasətində qərarlıdır və geri addım atmağı düşünmür.

“Paşinyan yaxşı bilir Rusiyanın Ukrayna bataqlığından çıxması asan olmayacaq və bu fürsəti öz xeyrinə dəyişməyə çalışır”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, Ermənistanın de-fakto KTMT-də fəaliyyətini dayandırmasında Paşinyanın rolu böyükdür: “Bu, sistemli siyasətin nəticəsidir. Ermənistan növbəti mərhələdə KTMT-ni tərk etməyi qarşısına məqsəd qoyub və bunun haçansa baş verməsi ehtimalı böyükdür. Çünki Paşinyan Avrointeqrasiya siyasəti aparmaqda qərarlıdır. Qarşılarına nə vaxtsa Avropa İttifaqına üzv olmağı qoyublar. Bu isə Ermənistanın KTMT üzvü kimi qaldığı halda mümkün deyil. KTMT bir növ Rusiyanın moderatoru olduğu bir təşkilatdır. O üzdən, Paşinyan hökuməti sözügedən qurumda təmsil olunmaq istəmir. İndi bunu müxtəlif məsələlərlə göstərməyə çalışır. Ancaq fakt ondan ibarətdir ki, Ermənistan konkret olaraq KTMT-dən imtina edir. KTMT təlimlərində iştirak etmir, dövlət başçılarının görüşlərinə qatılmır. Belə bir dövrdə artıq Rusiyanın da edəcəyi bir iş yoxdur. Ermənistan artıq Rusiyadan da silah idxalının həcmini əhəmiyyətli dərəcədə minimuma endirib. Çünki İrəvanın məqsədi Qərbə inteqrasiya olunmaqdır. KTMT çərçivəsində Rusiya ilə inteqrasiyanı genişləndirsə, Qərbdən siyasi, iqtisadi, maliyyə dəstəyi almayacaqlar. Bunun fərqindədilər. Buna zəmin yaradan həm də Rusiyanın Ukrayna müharibəsi fonunda zəifləməsidir. Paşinyan yaxşı bilir ki, Rusiyanın Ukrayna bataqlığından çıxması asan olmayacaq. Ona görə də yaranan fürsəti maksimum öz xeyrinə dəyişməyə çalışır. Bir sözlə, Nikol Rusiya orbitindən uzaqlaşmaq üçün belə bir addım atır. Çünki Rusiya daim Ermənistana KTMT müstəvisində təzyiqlər edib, öz orbitində saxlayıb. İndi Paşinyan da bundan imtina edir. İstəmir ki, Ermənistan Rusiyanın forpostu olaraq qalsın”.

Vidadi ORDAHALLI

Seçilən
11
12
baki-xeber.com

10Mənbələr