1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Kubra Məhərrəmova yazır...
Dünən, sentyabrın 28-də BMT-nin İrana qarşı sanksiyaları yenidən qüvvəyə mindi.
Məhdudiyyətlər 2015-ci ildə aradan qaldırılmışdı. Tehrana bu şans ona görə verilmişdi ki, nüvə proqramı ilə bağlı Qərblə razılığa gəlsin. Bunun üçün imkan pəncərələri düz on il açıq saxlanılmışdı.
Nəticədə isə Tehran öz yolunu seçdi və uranı zənginləşdirərək nüvə silahı əldə etməyin bir addımlığına çatdı.
Bir az əvvələ qayıdaq, 2015-ci ilə. Belə ki, İran və dünyanın altı dövləti - ABŞ, Britaniya, Fransa, Çin, Rusiya, Almaniya arasında sanksiyaların qaldırılması qarşılığında İranın nüvə fəaliyyətinin məhdudlaşdırılması şərti qoyulmuşdu. Hətta bu hadisə dünya mediasında xüsusi qeyd olunaraq tirajlandı.
ABŞ-nin ovaxtkı prezidenti Barak Obama daha da irəli gedib demişdi ki, bu razılaşma ilə "İran üçün nüvə silahına aparan bütün yollar kəsilib". Razılaşmanın əsas məqamlarında biri də bu idi ki, BMT nüvə müfəttişlərinə İranın nüvə obyektlərinə geniş giriş imkanı verəcək.
Lakin üstündən on il keçəndən sonra bəlli oldu ki, BMT yenə əvvəlki qərarına qayıdır. Çünki İran nüvə fəaliyyətinin yüksəldilməsi üçün bütün imkanları səfərbər edib. Bəlkə də, bu, İranın xüsusi siyasəti idi. Hamının gözü qarşısında razılığa imza atıb, gizlicə öz işində olmaq.
Bütün bu siyasi manevrlərin içində ayıq tərpənən isə Donald Tramp oldu. Yadınıza gəlirsə, 2018-ci ildə, Donald Trampın birinci prezidentlik dövründə ABŞ razılaşmadan təktərəfli olaraq çıxdı və İranın öhdəlikləri pozduğunu iddia edərək yeni sanksiyalar tətbiq etdi.
Bəs bu yeni-köhnə sanksiyalar necə işləyəcək?
İlk növbədə, sanksiyalar İranın xaricdəki bütün aktivlərinin dondurulmasını nəzərdə tutur. Bu yalnız ABŞ və Qərb ölkələrində yox, hətta Latın Amerikasında da tətbiq olunacaq. İranla gizli ticarət əlaqələri qurmağa cəhd edən ölkələr üçün isə xüsusi mexanizm tətbiq olunacaq, yəni dolayı yolla onlar da sanksiyalara məruz qalacaqlar.
Bundan əlavə, sanksiyalar İrana hər cür silah ticarətini tamamilə qadağan edir.
Bu isə bir güllə ilə iki dovşanın vurulmasını xatırladır.
Birincisi odur ki, Rusiya-Ukrayna müharibəsi başlayandan Tehran Moskvaya dron satır.
İkincisi isə odur ki, İran-İsrail müharibəsindən sonra İranın Çin silahlarına marağı artıb.
Siyahıda maraqlı məqamlar var. "HQ-16" zenit-raket kompleksləri (ZRK), "HQ-9" hava hücumundan müdafiə sistemləri, J10 döyüş təyyarələri, dron istehsalı üçün texnologiya-komponent tədarükü, gəmi əleyhinə raketlər və s.
İdealda sanksiyalarla bağlı Çin İrana silah satışı edə bilməyəcək, əks halda Çin özü Qərb sanksiyalarına məruz qalacaq. Təbii ki, bu, Pekin üçün ciddi iqtisadi risk deməkdir.
Əlbəttə, Çin Qərbin təzyiqlərindən qorunmaq üçün belə ticarətə girməməyə çalışacaq. Ən azı, açıq şəkildə.
Amma heç kim gizli və üçüncü tərəflərin iştirakı, "boz zonalar" və digər vasitələrlə belə ticarətin olmayacağı zəmanətini də vermir.
Sanksiyaların qüvvəyə minməsi ilə əlaqədar İranın milli valyutası olan rialın məzənnəsi yenidən düşüb. Artıq 1 dollar 100 000 rial qiymətinə satılır. Bu, İran iqtisadiyyatı üçün ciddi çətinliklər yaradır.
İnsanlar isə İranda gözlənilən iqtisadi tənəzzüldən özlərini az da olsa sığortalamaq üçün qızıl alışına yönəliblər.
Lakin sanksiyalardan güclənən tərəf də var. Bu, İslam İnqilabı Keşikçiləri Korpusudur. Analitiklər hesab edirlər ki, İslam İnqilabı Keşikçiləri Korpusu neft sektorunda geniş imkanlara malikdir. Sanksiyaların yaratdığı boşluqlardan istifadə etmək, neftin satışını həyata keçirməklə böyük gəlirlər əldə edir. Bu fakt isə həm ABŞ, həm də digər Qərb ölkələrinin tətbiq etdiyi sanksiyaların effektivliyini zəiflədir və korpusa müəyyən iqtisadi təsir gücü verir.
İkinci məsələ isə ondan ibarətdir ki, İran hər nə qədər dünyadan təcrid olunsa da, ümidini Rusiya və Çinə bağlayır. Bəzi analitiklərin verdiyi proqnoz ondan ibarətdir ki, bu gün dünyanın iki düşərgəyə bölünməsi İranın əlinə bəzi kartları verir. Belə ki, Çinin İran neftinə ehtiyacı olduğu üçün ona müəyyən qədər dəstək verəcəyi gözlənilir. Bu proqnozun nə qədər dəqiq olacağını bir müddət sonra görəcəyik.
İqtisadi və siyasi sanksiyalara baxmayaraq, Ali Lider Xamenei də bəyan edib ki, İslam Respublikası heç bir halda uranın zənginləşdirilməsindən vaz keçməyəcək.
Bu halda İsrail-İran müharibəsinin ikinci raundunun baş verməsi ehtimalı isə qat-qat çoxalır.
İranın müasir tarixi, geosiyasəti və neft-qaz sənayesi üzrə mütəxəssis Farzin Nadimi də bunu təsdiqləyir. Onun fikrincə, İran ilə İsrail arasında yeni müharibə yaxın gələcəkdə, üç ay ərzində baş verə bilər. İsrail yenə İranın nüvə və hərbi obyektlərinə zərbə endirəcək.
Müharibəyə İran tərəfi də hazırlaşır. Əvvəlki hərbi əməliyyatlardan nəticə çıxaran İranın Milli Təhlükəsizlik Şurası (yüksəkvəzifəli şəxslərin məhv olunmasından sonra) hər bir məsul şəxsə özündən "bir neçə pillə aşağı" səviyyədə bir varis təyin etməyi tapşırıb.
Maraqlıdır, bu qədər ağır vəziyyətdə olan, kifayət qədər qurbanlar verən İran niyə nüvə siyasətindən və silahından əl çəkmir?
