RU

Yeyilə bilən qaşıq startapı ilə bir ayda 680 min manat qazandı

Hindistanın Haydarabad şəhərində yaşayan su ehtiyatları üzrə tədqiqatçı Narayana Peesapaty 2010-cu ildə gündəlik istifadə olunan plastik ləvazimatlara alternativ axtarışı fonunda “Bakeys” adlı startup-ın əsasını qoydu.

Valyuta.az xəbər verir ki, o, istehsal etdiyi qaşıqları buğda, düyü və sorq unundan hazırlayaraq bişirir və istifadə edildikdən sonra atmaq yerinə yeyilə bilən məhsula çevirirdi.

Məqsəd təkcə plastik tullantıları azaltmaq deyil, eyni zamanda ətraf mühitə dost və iqtisadi cəhətdən sərfəli alternativ təqdim etmək idi.

Biznesin ilk illərində şirkət kifayət qədər tanınmasa da, 2015-ci ildə yayımlanan bir video qısa zamanda sosial şəbəkələrdə geniş yayılaraq layihəyə böyük maraq qazandırdı. Cəmi bir ay ərzində 400 min ABŞ dolları (təxminən 680 min manat) dəyərində sifariş toplanıldı. Gündəlik istehsal sürətlə artdı və bir müddət sonra gün ərzində 50 min ədədə qədər qaşıq istehsal olunmağa başlandı. Şirkət məhsullarını Hindistanla yanaşı Fransa, Almaniya kimi ölkələrə və müxtəlif miqrant düşərgələrinə ixrac etməyə başladı.

"Bakeys" in məhsulları bazarda rəqabətədavamlı qiymətlərlə təklif olunurdu. Hindistan daxilində bir qaşıq təxminən 2.75 rupi (təxminən 0.09 manat) idi. Şirkət istehsal xərclərini daha da azaltmaqla bu rəqəmi 1 rupi (təxminən 0.03 manat) səviyyəsinə endirməyi qarşıya məqsəd qoymuşdu. Xarici bazarlarda isə 100 ədədlik paketlər 3.5 funt sterlinqə (təxminən 7.4 manat) satılırdı. Bu isə həm gəlir, həm də məhsulun mövcud plastik alternativləri ilə rəqabət qabiliyyətini artırırdı.

Layihənin genişlənməsi üçün Peesapaty şəxsi əmlakını sataraq ilkin sərmayəni təmin etmişdi. Daha sonra "Kickstarter" və "Ketto" kimi platformalar üzərindən əlavə 300 min ABŞ dolları (təxminən 510 min manat) investisiya toplandı. Bu vəsait hesabına şirkət tam avtomatlaşdırılmış istehsal xətti quraraq məhsuldarlığını beş dəfə artırdı. 2016-cı ildə illik satış həcminin 500 min ABŞ dollarını (təxminən 850 min manat) keçəcəyi proqnozlaşdırılırdı.

Lakin biznesin yüksəlişi uzunmüddətli dayanıqlıqla müşahidə olunmadı. 2019-cu ildən sonra şirkətin fəaliyyəti ilə bağlı ictimaiyyətə açıq maliyyə məlumatları yayılmadı. "Kickstarter" platformasında bəzi sifarişlərin gecikməsi, bəzilərinin isə ümumiyyətlə göndərilməməsi şirkətin etibarlılığına zərbə vurdu. Bank və kredit problemləri də sonrakı illərdə fəaliyyətə təsir göstərdi.

Hazırda “Bakeys” şirkətinin tam fəaliyyətdə olub-olmadığına dair dəqiq rəsmi məlumat yoxdur.

Mayya Hüseynova 

Избранный
15
valyuta.az

1Источники