ABŞ mərkəzli "Substack" platforması 100 milyon dollarlıq C seriyası investisiya turunu başa çatdırıb.
Valyuta.az xəbər verir ki, bu investisiya ilə şirkətin bazar dəyəri təxminən 1,1 milyard dollara yüksəlib.
2017-ci ildə Kris Best, Hamiş Makenzi və Ceyrac Seti tərəfindən təsis edilən "Substack"in ümumi cəlb etdiyi investisiya məbləği 200 milyon dollara çatıb.
Yeni maliyyə vəsaiti kontent istehsalçılarına və onların icmalarına daha keyfiyyətli xidmət göstərmək, "Substack" tətbiqini təkmilləşdirmək və istifadəçilərin marağını artırmaq üçün istifadə olunacaq.
"Substack" platforması müstəqil yazarlara, jurnalistlərə və fikir liderlərinə oxucularla birbaşa əlaqə qurmaq və bu əlaqədən gəlir əldə etmək imkanı təqdim edir. İstifadəçilər yazarlara abunə olaraq həm pulsuz, həm də ödənişli məzmunlara çıxış əldə edə bilirlər.
Hazırda şirkətdə 100-dən çox əməkdaş çalışır və 2025-ci ilin mart ayı etibarilə platformadakı ödənişli abunəçilərin sayı 5 milyonu keçib.
Mayya Hüseynova