Rusiyada miqrasiya ilə bağlı qaydalar sərtləşdirilir. Artıq sənədlərin sadəcə surətinin çıxarılması belə ödənişli olacaq. Halbuki bu xidmət əvvəllər pulsuz təqdim olunurdu.
Daha sərt addım isə əmək bazarında çalışan xarici vətəndaşlara, o cümlədən azərbaycanlı miqrantlara təsir göstərəcək. Yeni rüsumlar tətbiq olunacağı təqdirdə, Rusiyada qeyri-rəsmi və ağır şəraitdə işləyən minlərlə azərbaycanlının çətin duruma düşəcəyi ehtimal olunur.
Əgər bu qanun layihəsi qəbul olunarsa, bu, Azərbaycana qarşı qəsdən atılmış addım kimi dəyərləndirilə bilərmi?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən Milli Məclisin deputatı Hikmət Babaoğlu bu tendensiyanı Rusiyanın “imperialist və şovinist” mövqeyi ilə əlaqələndirib:
“Rusiyada əhali artımı ciddi problem olaraq qalır. Slavyanların sayı artırılmadığına görə ölkənin böyük iqtisadi potensialı və ərazisi əmək qüvvəsinə ehtiyac yaradır. Bu səbəbdən də Rusiyada miqrantlara ehtiyac var və bu ehtiyac əsasən keçmiş sovet ölkələri, xüsusilə də rusdilli mühitə adaptasiya olmuş xalqlarla qarşılanır. Lakin Rusiya bundan imperiya maraqları üçün alət kimi istifadə etməyə çalışır”.
Deputat bildirib ki, miqrantlar təkcə əmək bazarında deyil, bəzən müharibələrə cəlb olunmaq üçün də hədəf seçilirlər:
“Rusiya bəzən bu insanları hərbi əməliyyatlara cəlb etməyə nail olur, bəzən də buna qarşı müqavimətlə üzləşir. Ancaq son vaxtlar azərbaycanlılara qarşı xüsusi məqsədli, ardıcıl addımlar müşahidə olunur. Məsələn, Azərbaycan təyyarəsinin Rusiya hava sahəsində vurulması, Azərbaycandakı Rusiya yönlü təşkilatların ölkəmiz əleyhinə fəaliyyət göstərməsi bu siyasətin nümunələridir”.
H.Babaoğlu hesab edir ki, bu təzyiqlərin əsas səbəbi Azərbaycanın regionda güclənən mövqeyidir:
“Azərbaycan öz ərazi bütövlüyünü təmin edərək regionda yeni reallıq yaradıb. Rusiya isə bu reallığı qəbul edə bilmir. Çünki o, Cənubi Qafqaz ölkələrini nəzarətdə saxlamaq istəyir. Gürcüstanla baş vermiş qısamüddətli müharibə bunun sübutudur. Azərbaycan isə fərqli olaraq gücünü göstərdi və bu, Rusiya imperializmini narahat edir.
12 günlük İran-İsrail müharibəsindən sonra bölgədə yeni geosiyasi reallıqlar yaranıb. Azərbaycan bu reallıqların içində güclənir, Rusiya isə zəifləyir. Buna görə də Rusiya təzyiqləri artırır. Son günlər Rusiyanın yüksək vəzifəli şəxsləri açıq şəkildə bildirirlər ki, bütün post-sovet məkanı rusdilli mədəniyyətə aid olmalıdır. Bu, açıq-aşkar şovinizmin təzahürüdür”.
Onun fikrincə, bu cür yanaşma nə tarixə, nə də müasir reallıqlara əsaslanır:
“Unutmayaq ki, rus dövləti yaranmamışdan əvvəl bu coğrafiyada türkdilli xalqlar imperiyalar qurub, dövlətçilik ənənələri yaradıb. Rusiyanı post-sovet ölkələrinin mədəni lideri kimi təqdim etmək tarixə və reallığa ziddir”.
Bəsti Rəfizadə
Sfera.az