AZ

Cənubi Qafqazda birlik, Rusiya regiondan çıxarılır

Cənubi Qafqaz, üç dövlət, sonsuz oyunlar

Cənubi Qafqaz geosiyasi baxımdan Avrasiya məkanında strateji körpüdür. Azərbaycanın enerji ehtiyatları, Gürcüstanın Avropaya çıxışı, Ermənistanın coğrafiyası bu regionu böyük güclərin daim diqqət mərkəzində saxlayır. Bu torpaqlarda ən çox özünü göstərən güc Rusiyadır. Həm sovet dönəmində, həm də sonrakı illərdə Moskva Cənubi Qafqazı tam nəzarətdə saxlamağa çalışıb. Bunun üçün isə ən effektiv taktika “parçala və hökm sür” olub.

Ermənistan, oyunun piyada fiquru

Rusiya ilə “strateji müttəfiqlik”, əslində isə asılılıq

Ermənistan Rusiya üçün Cənubi Qafqazda ən asan idarə olunan tərəf olub. 1990-cı illərin əvvəllərindən bəri Rusiya Ermənistana özünün “strateji tərəfdaşı” kimi baxsa da, bu, əslində bir vasallıq münasibəti idi. Ermənistanda yerləşən 102-ci Rusiya hərbi bazası, Rusiya sərhədçilərinin İrəvan hava limanı da daxil olmaqla sərhədləri mühafizə etməsi, iqtisadiyyatın əsas sektorlarının “Qazprom”, “RJD” kimi rus şirkətləri tərəfindən ələ keçirilməsi bu ölkəni tam asılı vəziyyətə salmışdı.
 

Qarabağ oyunu, Ermənistanın öz ayağına sıxması
 

1990-cı illərdən Ermənistan Qarabağı işğal etdi. Amma bu addımı öz iradəsi ilə deyil, məhz Rusiyanın dəstəyi ilə atdı. Rusiya generalları, silahları, muzdlu döyüşçüləri bu işğalın texniki əsasını təşkil edirdi. Azərbaycanlıların qətliamı ilə nəticələnən Xocalı soyqırımı da, Füzuli, Zəngilan, Cəbrayıl, Laçın, Kəlbəcər və digər bu kimi rayonların işğalı da Rusiyanın bölgədə möhkəmlənməsi üçün vasitə idi. Ermənistan bu siyasətin girovuna çevrildi.
 

Səbirli dirənişin və müstəqil siyasətin nümunəsi
 

İkinci Qarabağ müharibəsi, Rusiya planını pozan qələbə

2020-ci ildə Azərbaycan xalqı, ordusu və rəhbərliyi sübut etdi ki, artıq bölgədə rus modelinə tabe olan bir dövlət yoxdur. 44 günlük müharibədə Azərbaycan həm ərazi bütövlüyünü bərpa etdi, həm də Rusiyanın bölgədəki əsas təsir alətini “dondurulmuş münaqişə” modelini darmadağın etdi. Bu müharibə təkcə Ermənistanı məğlub, Kreml siyasətini ifşa etdi.
 

Rusiya niyə narahatdır?
 

Çünki Azərbaycan qalib gələndən sonra Ermənistanla sülh müqaviləsi bağlamağa, sərhədlərin demarkasiyasına və nəqliyyat dəhlizlərinin açılmasına çalışır. Bu, Rusiya üçün kabus ssenaridir. Sülh müqaviləsi Rusiyanın bölgədəki “sülhməramlılıq” bəhanəsini, Ermənistan üzərindəki nəzarətini və ümumilikdə Cənubi Qafqazdakı varlığını aradan qaldıra bilər.
 

Gürcüstan, Rusiya işğalına qarşı davam edən müqavimət
 

2008-ci ilin acı dərsi

Gürcüstan 2008-ci ildə Rusiyanın açıq işğalı ilə qarşılaşdı. Abxaziya və Cənubi Osetiya adlı separatçı bölgələr müstəqil “respublikalar” elan edildi və Rusiya bu bölgələrə minlərlə əsgər yerləşdirdi. Bu, Cənubi Qafqazda de-fakto Rusiya işğalının ən açıq nümunəsidir.
 

Gürcüstanın Qərbə inteqrasiya cəhdi
 

Bütün təzyiqlərə baxmayaraq, Gürcüstan Avropa İttifaqı və NATO ilə sıx əməkdaşlığa can atır. Rusiya isə bu ölkəni öz təsir dairəsinə qaytarmaq üçün müxtəlif üsullardan siyasi iğtişaşlar, informasiya müharibəsi, etnik separatçılıqdan istifadə edir.
 

Paşinyanın çevrilişi, keşişlərə qarşı savaş
 

Kilsə siyasəti Rusiya ideologiyasının bastionudur

Ermənistanda Rusiya təsirinin mühüm alətlərindən biri Erməni Apostol Kilsəsi olub. Bu kilsə illərlə Rusiyanın ideoloji və siyasi dəstəkçisi kimi çıxış edib. Keşişlər Qarabağ separatçılığına ruhani don geyindirib, Rusiya hərəkətlərini ilahi lütf kimi təqdim ediblər.

Paşinyanın çevik gedişi

Lakin son dövrlərdə Ermənistan rəhbəri Nikol Paşinyan bu keşişləri hədəfə almağa başlayıb. Onların bəziləri həbs olunub, digərləri ifşa edilib. Rusiya isə dərhal Lavrov səviyyəsində müdaxiləyə çalışıb. Bu da onu göstərir ki, keşişlər Kremlin casusları kimi fəaliyyət göstərirmiş.
 

Cənubi Qafqazın real sahibləri kimdir?
 

Yeganə çıxış, Azərbaycan, Gürcüstan və Ermənistan bir masada olmasındadır

Cənubi Qafqazda sülh və sabitlik üçün tək çıxış yolu var. Üç ölkənin bir masada oturması və regionu bərabər qorumaları və biri-birlərinə qarşı iddalardan geri çəkilməlidirlər. Qarşılıqlı etimad, sərhədlərə hörmət və regional əməkdaşlıq bu torpaqların öz sahiblərinə qayıtması demək olacaq. Rusiya bu birlikdən qorxur, çünki bu birlik onun varlığına zərbədir.
 

Əməkdaşlıq formulları


Regional iqtisadi blok,  Zəngəzur dəhlizi, Bakı-Tbilisi-Qars, Şimal-Cənub koridoru, enerji və su təhlükəsizliyi sahəsində inteqrasiya, ortaq media və informasiya siyasəti,  Rusiya təbliğatına qarşı informasiya təhlükəsizliyi, sülh diplomatiyası və Qarabağ məsələsinin hüquqi olaraq tam başa çatması, Abxaziya və Osetiyanın statusuna beynəlxalq dəstək...
Üç ölkə bu məqamlara yektil yanaşsa, Ukraynada boğulan Rusiya burada can verəcək.
 

Rusiya niyə çəkilməlidir və necə?
 

Rusiya Cənubi Qafqazda Dağlıq Qarabağ vasitəsilə Azərbaycanı, Abxaziya və Osetiya vasitəsilə Gürcüstanı, keşişlər və silahlı bazalar vasitəsilə Ermənistanı nəzarətdə saxlayırdı. Azərbaycan problemi tam, Ermənistan qismən həll edib. Gürcüstan isə fürsət gözləyir.
Cənubi Qafqaza Rusiya nəzarətinin birlik və müttəfiqlik yolu ilə qarşısı alınmalıdır. Əgər Ermənistan birgə sülh yolunu seçsə, Rusiya bölgədə mənasız bir “kölgə güc” kimi qalacaq və geosiyasi boşluqdan kənarlaşdırılacaq.


Sülh Qafqazın yeni nəfəsidir
 

Cənubi Qafqazda əsil sabitlik və inkişaf yalnız bu bölgənin öz övladlarının qərarları ilə mümkündür. Əgər bu üç ölkə, Azərbaycan, Gürcüstan və Ermənistan biri-biriləri ilə danışmağı, mübahisə yox, əməkdaşlıq etməyi, savaş yox, sülh qurmağı bacarsalar, bu bölgənin taleyini heç bir Rusiya generalları dəyişə bilməz. Top Ermənistan tərəfdədir. 

Sülh yeganə yoldur ki, Rusiyanı Cənubi Qafqazdan çıxarar.
Birlik yeganə avsitədir ki, Cənubi Qafqazı ayağa qaldırar.

Modern Təhlil Qrupu

Seçilən
13
32
modern.az

10Mənbələr