AZ

Deputat: “Rusiya-Azərbaycannın köhnəlmiş Qafqaz siyasətini darmadağın edib”

Son zamanlar Rusiya-Azərbaycan münasibətlərində müşahidə olunan ziddiyyətlər Moskvanın Cənubi Qafqaz siyasətində yeni reallıqları qəbul etmək istəməməsindən qaynaqlanır. 

Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədr müavini Konstantin Zatulin bu xəttin ən sərt və açıq şəkildə ifadəçilərindən biridir Zatulin açıq şəkildə bildirir ki, Azərbaycan heç vaxt Rusiyanın strateji tərəfdaşı olmayıb və artıq Moskvanın reaksiyasını da nəzərə almır. 

Onun “Qarabağ erməni əhalidən təmizləndikdən sonra Azərbaycan Rusiyanın reaksiyasını nəzərə almır” fikri əslində Bakının müstəqil siyasət yürütməsinə verilən əsəbi cavabdır. Bu cür açıqlamalar göstərir ki, Rusiya regionda əvvəlki kimi əsas söz sahibi ola bilmədikcə, Azərbaycan kimi müstəqil qərarlar verən ölkələrə qarşı ittihamedici dili seçir. 

Halbuki, reallıq dəyişib: 

Azərbaycan 2020-ci ildən sonra öz ərazi bütövlüyünü bərpa edib və bu prosesdə Rusiya nə istədiyi kimi rol oynaya, nə də qarşısını ala bilib. 

Təsadüfi deyil ki, paralel olaraq Rusiya hüquq-mühafizə orqanlarının azərbaycanlılara qarşı sərgilədiyi zorakılıq halları və buna cavab olaraq Azərbaycanın Rusiyanın təşkil etdiyi mədəni tədbirləri ləğv etməsi ikitərəfli münasibətlərdəki dərin narazılığın təzahürüdür. 

Belə bir vəziyyətdə Zatulin kimi deputatların çıxışları təkcə şəxsi mövqe yox, həm də Rusiyanın rəsmi dairələrində formalaşan baxışın göstəricisi kimi dəyərləndirilir. Zatulinin narahatlığı təkcə Qarabağla bağlı deyil. 

O, Azərbaycanın KTMT və Avrasiya İttifaqına qoşulmamasını da strateji tərəfdaşlıqdan yayınma kimi qiymətləndirir. Amma bu, əslində Azərbaycanın balanslı və müstəqil xarici siyasətinin bir nəticəsidir, hansı ki, artıq regionun əsas aktorları, o cümlədən Rusiya, bu reallığı qəbul etmək məcburiyyətindədir. 

Mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlamasında millət vəkili Arzuxan Əlizadə bildirib ki, Zatulin və onun kimilərinin açıqlamaları əslində yeni deyil. Bu, rus şovinizminin növbəti təzahürlərindən biridir: 

"Zaman-zaman Azərbaycanın üzərində bu cür gəlişmələr baş verib, amma məsələ ondadır ki, artıq dövr o dövr deyil. Azərbaycan artıq həmin Azərbaycan, Rusiya da əvvəlki Rusiya deyil. Onlar bunun fərqində olmalıdırlar. Amma məsələ bundan qaynaqlanır ki, rus şovinizmi öz real gücünü, yəni bugünkü Rusiyanın faktiki imkanlarını nəzərə almadan köhnə siyasəti davam etdirməyə çalışır. 

Halbuki Azərbaycan bölgədə reallıqları artıq öz xeyrinə dəyişib. Bugünkü reallıq ondan ibarətdir ki, Azərbaycan regionda həm güc, həm də söz sahibinə çevrilib. 

Rusiya isə hələ də bu bölgədə öz maraqlarını elə bir kontekstdə qurmağa çalışır ki, guya bütün bölgə dövlətləri onun təsir dairəsində qalmalıdır. Lakin bu il baş verənlər göstərdi ki, Azərbaycan faktiki olaraq müstəqil siyasət yürütməklə Rusiyanın bu köhnəlmiş Qafqaz siyasətini darmadağın edib".

Millət vəkili vurğulayıb ki, bütün bu aqressiyanın arxa planında Ermənistana təsir imkanları dayanır: 

"Baxmayaraq ki, bu gün Paşinyan Qərbyönümlü siyasət aparmağa çalışır, faktiki vəziyyət göstərir ki, bu qondarma dövlət həm iqtisadi, həm hərbi, həm də siyasi cəhətdən hələ də Rusiyanın təsir dairəsindədir. Yəni Ermənistanın yaxın müddətdə Rusiyanın boyunduruğundan tam azad olması asan görünmür. 

Rusiya Azərbaycana təzyiq göstərməklə onu yenidən öz təsir dairəsinə qaytarmaq cəhdləri nümayiş etdirir. Amma bu, artıq mümkün deyil. Azərbaycan bölgədə reallıqları dəyişməklə yanaşı, Türkiyə ilə qardaşlıq, strateji tandem şəklində hərəkət edərək bölgənin əsas söz və güc sahibinə çevrilib. Üstəlik, Azərbaycana bu bölgədə dəstək verən digər dost dövlətlər də var. Rusiya bu reallığın fərqində olmalıdır. 

Əvvəllər yürüdüyü siyasəti bu gün bölgədə Azərbaycan xalqının dövlət və milli maraqları ziyanına heç bir şəkildə davam etdirə bilməz. Əgər bu istiqamətdə hansısa addımlar atılırsa, Azərbaycan tərəfindən ciddi, ardıcıl etirazlar verilir və davam edəcək. 

Rusiya rəhbərliyi bunun fərqində olmalı və diqqət etməlidir. Hazırkı vəziyyət göstərir ki, Rusiya bu məsələlərdə hələ də yanlış siyasət yürüdür. Bunun da mənfi nəticələrini yaxın zamanlarda görəcək". 

Seçilən
12
32
cebheinfo.az

10Mənbələr