Yekaterinburqda azərbaycanlılara qarşı keçirilən son əməliyyatlar və onlarla bağlı məhkəmə prosesinin qapalı aparılması Azərbaycan–Rusiya münasibətlərində yeni gərginlik mərhələsinin əsasını qoyub.
Azərbaycan ictimaiyyəti və rəsmiləri bu hadisələri insan hüquqlarının kobud şəkildə pozulması kimi dəyərləndirib. Bakı Moskvanın izahat tələb edən davranışlarına diplomatik nota ilə reaksiya verib və məsələ ilə bağlı geniş araşdırma başladıldığını açıqlayıb.
Yaranan bu böhran təkcə iki ölkə arasında deyil, ümumilikdə Rusiya ilə dünya ölkələri arasındakı münasibətlərdə son illərdə müşahidə olunan ümumi gərginləşmənin bir parçası kimi qiymətləndirilir.
Sfera.az bildirir ki, Moskva ilə münasibətləri pozulan ölkələrin sırası artır.
Belə ki, son 5 il ərzində Rusiya bir sıra ölkələrlə açıq və ya örtülü şəkildə qarşıdurmaya girib. Hərbi, siyasi və iqtisadi sahədə atılan addımlar nəticəsində Moskva ilə münasibətlər ya dayanıb, ya da ciddi şəkildə soyuyub.
Belə ki, 2022-ci ilin fevralında Ukraynaya genişmiqyaslı hərbi müdaxilə Rusiya üçün beynəlxalq təcrid prosesini sürətləndirdi. Bu hadisə Moskvanın qlobal münasibətlərində dönüş nöqtəsi oldu.
Həm Qərb dünyası, həm də neytral qalmağa çalışan ölkələr Rusiya ilə münasibətlərinə yenidən baxmağa məcbur qaldı. Avropa İttifaqına üzv olan 27 ölkənin əksəriyyəti Rusiya ilə münasibətlərdə sərt mövqe tutaraq sanksiyalar tətbiq edib. Kreml bu ölkələri “dost olmayan dövlətlər” siyahısına daxil edib. NATO-nun genişlənməsi – xüsusilə Finlandiya və İsveçin üzv qəbul olunması – Rusiya tərəfindən açıq təhdid kimi qarşılanıb.
Vaşinqton və London da uzun müddətdir ki, Moskva üçün əsas geosiyasi rəqiblər sayılır.
Ukrayna müharibəsindən sonra bu münasibətlər pik nöqtədə pisləşib. Rusiya bu iki ölkəni birbaşa müharibə tərəfi kimi təqdim edərək, müxtəlif sahələrdə – texnologiya, enerji, diplomatiya – qarşılıqlı sanksiyalar tətbiq edib.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olan Ermənistan Rusiya ilə münasibətlərində nəzərəçarpacaq dəyişikliklər edib. Rusiya sülhməramlılarının Qarabağdakı fəaliyyəti ilə bağlı narazılıq fonunda rəsmi İrəvan Qərblə daha sıx əməkdaşlıq yolunu seçib. Bu, Rusiya-Ermənistan münasibətlərində çat yaradıb.
Digər tərəfdən, Moldova və Gürcüstan uzun illərdir Avropa inteqrasiyasına can atır. Rusiya isə bu meyilləri dayandırmaq üçün bir sıra təzyiq alətlərindən istifadə edir: enerji böhranı, informasiya manipulyasiyası, diplomatik gərginlik. Bu ölkələr də artıq Rusiya ilə münasibətləri minimum səviyyəyə endirib.
Rusiya ilə uzun müddət tərəfdaşlıq edən Azərbaycan son aylarda baş verən hadisələr fonunda daha sərt və ehtiyatlı mövqe nümayiş etdirməyə başlayıb. İlk siqnal 2024-cü ilin sonunda Rusiyanın hava məkanında Azərbaycanın sərnişin təyyarəsinə qarşı törətdiyi insidentdən sonra gəldi. Rəsmi Bakı həmin hadisəyə görə Moskvadan açıq izahat tələb etsə də, Rusiya tərəfi kifayət qədər səmimi davranmadı.
Yekaterinburqda azərbaycanlı ailəyə qarşı həyata keçirilən sərt əməliyyat münasibətləri daha da gərginləşdirdi. Azərbaycan cəmiyyətində bu hadisə Rusiyanın etnik ayrı-seçkiliyə əsaslanan siyasəti kimi dəyərləndirildi.Mədəniyyət Nazirliyi Rusiya ilə bağlı bütün tədbirlərin dayandırıldığını açıqladı. Eyni zamanda, parlament və hökumət dairələrində Rusiyaya qarşı diplomatik və hüquqi təzyiq imkanlarının gündəmə gətirildiyi bildirilir.
Rusiya son illərdə daxili təhlükəsizlik və xarici siyasətdə daha sərt və aqressiv xətt yürüdür. “Düşmənlər” siyahısını genişləndirən Kremlin bu siyasəti nəticəsində ölkə həm siyasi, həm iqtisadi, həm də diplomatik sahələrdə təcrid olunur. Bu prosesin gələcəkdə daha ciddi regional qarşıdurmalar doğura biləcəyi istisna edilmir.
Əgər Moskva bu siyasətindən əl çəkməzsə, “dost olmayan ölkələr” siyahısı yaxın illərdə daha da uzana bilər.
Firuzə Əliyeva
Sfera.az