Fransa prezidenti Emmanuel Makron ABŞ lideri Donald Trampın iddia etdiyi Qrenlandiyanın təhlükəsizliyini gücləndirmək üçün Danimarka ilə birgə hərbi təlimlər keçirməyə hazır olduğunu bildirib.
Musavat.com xəbər verir ki, bu barədə Makron Danimarkanın Nuuk şəhərinə səfəri zamanı deyib.
“Qrenlandiyada vəziyyət bütün avropalılar üçün açıq həyəcan siqnalıdır”, - deyə Emmanuel Makron qeyd edib.
Onun sözlərinə görə, Avropa İttifaqı adanın “nə satıla, nə də alına bilməyəcəyinə” inanır, lakin bu gün o, “yırtıcı ambisiyalara” məruz qalıb.
Fransa lideri Trampın Qrenlandiyanı ilhaq etmək ideyasını “dəlilik” adlandırıb və iyunun 16-na planlaşdırılan G7 toplantısında bu məsələni Ağ Ev rəhbəri ilə müzakirə edəcəyinə söz verib.
Makronun Qrenlandiyaya səfəri Trampın ABŞ-ın bir hissəsi olması barədə bəyanatından sonra bir Aİ ölkəsinin liderinin adaya ilk səfəri olub.
Fransa prezidenti Nuuk şəhərinə Qrenlandiyanın baş naziri Yens-Frederik Nilsenin dəvəti ilə gedib.
Qrenlandiya 1953-cü ilə qədər Danimarka koloniyası idi. 2009-cu ildə ərazi özünüidarəetmə imkanı ilə muxtariyyət aldı. Tramp əvvəlcə prezident kimi ilk müddətində adanı almaq istədiyindən danışmışdı. 2019-cu ildə onun dəyərini 600 milyon dollar qiymətləndirmişdi.
Bu ilin yanvarında Ağ Evə qayıtdıqdan sonra Donald Tramp Danimarkaya üz tutaraq ondan Qrenlandiyanı təhvil verməsini tələb edib. Onun fikrincə, Vaşinqton ABŞ-ın milli təhlükəsizliyini təmin etməli və “azad dünyanı” Çin və Rusiyadan qorumalıdır.
May ayında Tramp ABŞ-ın adanı ələ keçirmək üçün güc tətbiq edə biləcəyini belə deyib.
200 amerikalı hərbçinin vəzifə yerinə yetirdiyi və “F-35” qırıcılarının yerləşdiyi adada artıq Amerikanın Pituffik hərbi bazası fəaliyyət göstərir. Ada ballistik raketlər üçün erkən xəbərdarlıq sistemi baxımından həyati əhəmiyyət kəsb edir və Avropadan Şimali Amerikaya ən qısa yoldur. Pituffikdən Moskvaya qədər olan məsafə 3757 km-dir.
“Bloomberg” mənbələri iddia edib ki, Tramp Qrenlandiya ilə də maraqlanır, çünki bu ölkə elektronika və hərbi texnika istehsalı üçün lazım olan qızıl, almaz, uran və nadir torpaq metallarının böyük ehtiyatlarına malikdir.
Musavat.com