Ermənistanın ikinci prezidenti Robert Köçəryan ölkədə keçirilən son hərbi paradı və nümayiş etdirilən silahları tənqid edib.
Musavat.com xəbər verir ki, siyasətçi paradın seçkiqabağı məqsədlərə xidmət etdiyini bildirib və 1996-cı il prezident seçkiləri ərəfəsində də oxşar tədbirin keçirildiyini xatırladıb.
Köçəryan nümayiş etdirilən hərbi texnika ilə bağlı danışarkən qeyd edib ki, bəzi sistemlər ayrı-ayrılıqda yaxşı görünə bilər. Lakin xüsusilə Hindistandan alınan silahların real döyüş şəraitində nə dərəcədə effektiv olmasının hələ məlum olmadığını vurğulayıb.
“Ermənistan” blokunun lideri İctimai Televiziyaya müsahibəsində 2019-cu ilin sonunda alınan, lakin 44 günlük müharibə zamanı istifadə olunmayan Su-30SM qırıcılarını xatırladıb.
O bildirib ki, həmin təyyarələrin taleyi ilə bağlı yaranmış vəziyyətin təkrarlanmasından ehtiyat edir. Köçəryanın fikrincə, bahalı hərbi texnikanın alınması onun döyüş şəraitində effektiv istifadə olunacağı anlamına gəlmir.
Musavat.com