Ermənistanın ikinci prezidenti Robert Köçəryan 44 günlük müharibənin Ermənistanın siyasəti nəticəsində qaçılmaz hala gəldiyini etiraf edib.
Musavat.com xəbər verir ki, Köçəryan müsahibəsində müharibənin Ermənistan tərəfindən təhrik olunduğunu bildirib. Onun sözlərinə görə, əgər özü hakimiyyətdə olsaydı, 44 günlük müharibə baş verməzdi.
“44 günlük müharibə Ermənistan tərəfindən təhrik olunub. Mənim buna heç bir şübhəm yoxdur”, — deyə Köçəryan bildirib.
Aparıcının “Yəni müharibəni məhz Ermənistan təhrik edib?” sualına cavab verən Köçəryan bunu təsdiqləyib.
“Ermənistan 44 günlük müharibəni təhrik etdi”, — deyə o qeyd edib.
Aparıcının “Deməli, Azərbaycan hücum etməyə hazırlaşmırdı, biz özümüz vəziyyəti buna gətirdik?” sualına isə Köçəryan belə cavab verib: “Biz müharibənin qaçılmaz olması üçün hər şeyi etdik”.
Köçəryan həmçinin Nikol Paşinyanın Praqada imzaladığı sənədlə Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımasına da toxunub. Onun sözlərinə görə, bundan sonra 9 noyabr 2020-ci il bəyanatının müddəaları pozulub və proses məhz həmin qərardan sonra dəyişib.
Musavat.com