Yeni sorğuda Ermənistanın siyasi və ictimai xadimlərinə etimad səviyyəsi açıqlanıb, Paşinyan rəqiblərini əhəmiyyətli fərqlə qabaqlayıb...
Poliqon xəbər verir ki, Beynəlxalq Respublikaçılar İnstitutu (IRI) Ermənistanda siyasi və ictimai xadimlərə ictimai etimad səviyyəsini əks etdirən yeni sorğunun nəticələrini təqdim edib. Ermənistan KİV-lərinin yaydığı məlumatlara əsasən, respondentlər arasında ən yüksək etimad göstəricisi Ermənistanın baş naziri və “Vətəndaş Müqaviləsi” Partiyasının sədri Nikol Paşinyan üçün qeydə alınıb.
Sorğunun nəticələrinə görə, Paşinyanın adı respondentlərin 27 faizi tərəfindən ilk cavab kimi göstərilib, əlavə 2 faiz isə onu ikinci cavab variantı kimi qeyd edib. Beləliklə, baş nazirin ümumi etimad göstəricisi 29 faiz təşkil edib.
İkinci sırada “Güclü Ermənistan” blokunun lideri Samvel Karapetyan qərarlaşıb. Onun adı respondentlərin 6 faizi tərəfindən ilk seçim, 3 faizi tərəfindən isə ikinci seçim kimi göstərilib və ümumi göstərici 9 faizə çatıb.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan 5 faiz ümumi etimad səviyyəsi ilə növbəti pillədə yer alıb. Respondentlərin 1 faizi onu ilk cavab, 4 faizi isə ikinci cavab kimi qeyd edib.
“Ermənistan” blokunun lideri, ölkənin sabiq prezidenti Robert Köçəryan ümumilikdə 4 faiz etimad göstəricisi əldə edib. Onun adı respondentlərin 2 faizi tərəfindən həm ilk, həm də ikinci cavab variantı kimi göstərilib.
“Çiçəklənən Ermənistan” Partiyasının sədri Qaqik Tsarukyan, Ermənistan parlamentinin spikeri Alen Simonyan və Respublika Partiyasının sədri Aram Sarkisyan hər biri ümumilikdə 3 faiz etimad göstəricisi əldə edib.
Bununla yanaşı, “Meritokratik Ermənistan” Partiyasının sədri Qurgen Simonyan və “Birlik Qanadları” Partiyasının sədri Arman Tatoyan üzrə ümumi etimad göstəricisi 2 faiz səviyyəsində olub.
Sorğunun nəticələrinə əsasən, respondentlərin 6 faizi ilk cavab olaraq başqa şəxsin adını çəkib, 8 faiz isə ikinci cavabda fərqli şəxslərə üstünlük verib. Beləliklə, “digər şəxslər” kateqoriyası üzrə ümumi göstərici 14 faiz təşkil edib.
Qeyd olunur ki, sorğu Ermənistan cəmiyyətində siyasi liderlərə ictimai münasibətin və etimad səviyyəsinin cari vəziyyətini əks etdirən indikatorlardan biri kimi qiymətləndirilir.
Poliqon.info