Azpolitika.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası – WUF13 həm iştirakçı sayı, həm də siyasi və beynəlxalq çəkisinə görə Azərbaycanın ev sahibliyi etdiyi ən mühüm qlobal tədbirlərdən biri kimi yadda qaldı. 176 ölkədən 57 mindən çox iştirakçını bir araya gətirən forum Ümumdünya Şəhərsalma Forumunun tarixində indiyədək keçirilmiş ən genişmiqyaslı sessiya oldu. Bu tədbir COP29-dan sonra Azərbaycanda keçirilən ikinci ən böyük beynəlxalq platforma kimi tarixə düşdü.
Mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma Proqramı – UN-Habitat və Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində təşkil olunan forumda dövlət və hökumət başçıları, beynəlxalq təşkilat rəhbərləri, urbanizasiya və şəhərsalma üzrə ekspertlər, memarlar, investorlar və müxtəlif ölkələrdən nümayəndə heyətləri iştirak etdilər. Bakı bir daha qlobal həmrəyliyi, beynəlxalq tərəfdaşlığı və çoxtərəfli əməkdaşlığı təşviq edən mühüm platformaya çevrildi.
WUF13-ün Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq platformalarda artan rolunu bir daha nümayiş etdirdi. Forumun yüksək səviyyədə təşkili ölkənin qlobal tədbirlərin idarə olunması sahəsində formalaşdırdığı zəngin təcrübəni ortaya qoydu. Dünyanın onlarla ölkəsindən liderlərin, beynəlxalq təşkilat rəhbərlərinin və minlərlə iştirakçının Bakıda bir araya gəlməsi əslində həm də Azərbaycana olan etimadın göstəricisi idi. Forum çərçivəsində aparılan müzakirələr Bakının artıq qlobal qərarların müzakirə olunduğu mühüm mərkəzlərdən birinə çevrildiyini göstərdi.

WUF13-ə olan böyük maraq ilk növbədə tədbirin gündəliyində yer alan mövzularla bağlı idi. “Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunan forum şəhərlərin gələcəyi, urbanizasiya, mənzil təminatı, sosial inklüzivlik, iqlim dayanıqlılığı və dayanıqlı inkişaf kimi qlobal problemlərin müzakirəsi baxımından mühüm beynəlxalq platforma rolunu oynadı.
Həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin forum çərçivəsində çıxışları və beynəlxalq mediaya verdiyi müsahibələr də Azərbaycanın şəhərsalma siyasəti, tarixi-memarlıq irsinin qorunması və postmünaqişə dövründə həyata keçirilən yenidənqurma proqramlarının tanıdılması baxımından önəmli rol oynadı.

Ölkə başçısı “Euronews” televiziyasına müsahibəsində diqqətə çatdırdı ki, Azərbaycanın coğrafi mövqeyinə görə tarix boyu Şərqlə Qərbin qovuşduğu məkan olub və bu xüsusiyyət ölkənin memarlığında da aydın görünür: “Əgər siz Bakıda İçərişəhərin qədim divarları arasında gəzsəniz, sonra bircə küçəni keçsəniz, özünüzü tamamilə müasir mühitdə hiss edəcəksiniz. Vaxtilə üç kilometr olmuş Bakı Bulvarı hazırda 15 kilometrdən artıq tanınmış dənizkənarı məkandır”.
Prezident İlham Əliyev də forumda 182 ölkənin təmsil olunmasını Azərbaycana göstərilən beynəlxalq hörmətin bariz nümunəsi kimi qiymətləndirdi. O vurğuladı ki, iştirakçı sayının rekord həddə çatması həm mövzunun qlobal əhəmiyyətini, həm də Azərbaycanın geniş beynəlxalq əlaqələrə malik olduğunu göstərir.
Dövlət başçısı bildirdi ki, forum Azərbaycanın gördüyü işləri beynəlxalq ictimaiyyətə təqdim etmək, eyni zamanda digər ölkələrin təcrübəsindən yararlanmaq baxımından mühüm fürsətdir:“Şəhərsalma məsələləri artıq bir çox dünya liderlərinin diqqət yetirdiyi əsas mövzulardan biridir. Tarixi və memarlıq irsinin qorunması ilə şəhərlərin müasirləşdirilməsi bir-biri ilə uzlaşmalıdır”.

Prezident İlham Əliyevin təşəbbüsü ilə həmçinin WUF tarixində ilk dəfə olaraq Liderlərin Bəyanatları Sessiyası keçirildi. Mayın 18-də təşkil olunan bu seqmentdə 27 dövlət və hökumət başçısı, beynəlxalq təşkilat rəhbərləri və yüksək səviyyəli qonaqlar iştirak etdilər. Bu addım forumun siyasi əhəmiyyətini daha da artırdı və şəhərsalma məsələlərinin artıq qlobal siyasətin əsas gündəlik mövzularından birinə çevrildiyini nümayiş etdirdi.
Forum çərçivəsində çıxış edən xarici liderlər də Azərbaycanın təşkilatçılıq imkanlarını və şəhərsalma sahəsində həyata keçirdiyi siyasəti yüksək qiymətləndirdilər.

Gürcüstanın Baş naziri Irakli Kobakhidze Bakıda təşkil olunan tədbirin təcrübə mübadiləsi və təhlükəsiz, inklüziv cəmiyyətlərin inkişafı baxımından mühüm platforma olduğunu bildirib.
Onun sözlərinə görə, şəhərlər artıq iqlim dayanıqlığından mənzil təhlükəsizliyinə, sosial birlikdən davamlı inkişafa qədər demək olar ki, bütün əsas qlobal çağırışların mərkəzində dayanır: “Gələcək nəsillər üçün cəmiyyətlərimizin sabitliyi, rifahı və dayanıqlılığı şəhər məkanlarını necə planlaşdırmağımızdan, inkişaf etdirməyimizdən və qorumağımızdan asılıdır”.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev isə Bakıda keçirilən forumun yüksək səviyyədə təşkilinə görə Prezident İlham Əliyevə təşəkkür edib və Azərbaycanın, xüsusilə Qarabağda həyata keçirdiyi genişmiqyaslı bərpa layihələrini xüsusi vurğulayıb.
O bildirib ki, qısa müddət ərzində azad edilmiş ərazilərdə yeni şəhərlər, yaşayış kompleksləri və müasir infrastruktur obyektləri yaradılıb: “Azərbaycan xüsusilə Qarabağda sürətli və genişmiqyaslı inkişaf dövrünü yaşayır. Özbəkistan bu nəcib səylərə öz töhfəsini verməyə hazırdır”.

Serbiya Prezidenti Aleksandar Vuçic isə WUF13-ün fərqli ölkələrin liderlərini bir araya gətirərək təcrübə və ideya mübadiləsinə imkan yaratdığını bildirib.
Onun sözlərinə görə, forum çərçivəsində əldə olunan təcrübə gələcəkdə Serbiyada da tətbiq oluna bilər: “Burada öyrənəcəyimiz bir çox məsələləri Serbiyada tətbiq edə və insanlarımız üçün faydalı nəticələr əldə edə biləcəyik”.

Qazaxıstanın Baş naziri Oljas Bektenov isəBakı şəhərinin tarixi irslə müasir memarlığın vəhdətini uğurla qoruyan nümunələrdən biri olduğunu bildirib.
O qeyd edib ki, Qazaxıstan da urbanizasiya və şəhərsalma siyasətini dövlət siyasətinin əsas istiqamətlərindən biri hesab edir və bu sahədə yeni Tikinti Məcəlləsi qəbul olunub.
Forum zamanı Azərbaycan öz şəhərsalma modelini və postmünaqişə dövründə həyata keçirdiyi yenidənqurma siyasətini beynəlxalq ictimaiyyətə təqdim etdi. Xüsusilə Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və quruculuq işləri forum iştirakçılarının diqqət mərkəzində oldu.
Azərbaycan həmçinin forumun gündəliyinə də mühüm və substantiv töhfələr verdi.
İlk növbədə, Azərbaycanda müasir şəhərsalma zamanı zəngin və qədim memarlıq ənənələrinin qorunması məsələsi ön plana çıxarıldı. Bakı nümunəsində qədim tarixi irslə müasir urbanizasiya arasında balansın qorunmasının mümkün olduğu nümayiş etdirildi.
İkinci əsas istiqamət işğaldan azad edilmiş ərazilərdə Azərbaycanın öz maliyyə və insan resursları hesabına həyata keçirdiyi genişmiqyaslı bərpa və quruculuq işləri oldu. Forum iştirakçılarına urbisidə, ekosidə və kultursidə məruz qalmış 9 şəhər və 100-dən artıq kəndin yenidən qurulması barədə məlumat verildi.
Üçüncü mühüm istiqamət keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıdışını təmin edən “Böyük Qayıdış” proqramı idi. Forumda bu proqram postmünaqişə bərpasının ən uğurlu humanitar layihələrindən biri kimi təqdim olundu.
Dördüncü istiqamət isə bərpa və quruculuq prosesində ətraf mühitin qorunması, dayanıqlı infrastrukturun yaradılması və “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyalarının tətbiqi ilə bağlı idi. Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi layihələr iştirakçılar tərəfindən dayanıqlı urbanizasiya modeli kimi qiymətləndirildi.

Azərbaycan COP29-da olduğu kimi, WUF13 çərçivəsində də qalıcı irs formalaşdırdı. Bu irs yalnız təşkilati uğur və beynəlxalq diplomatik platforma ilə məhdudlaşmadı. Buraya həm də müasir urbanizasiya modeli, postmünaqişə dövründə dayanıqlı yenidənqurma təcrübəsi, “ağıllı şəhər” yanaşması və tarixi-mədəni irsin qorunması ilə müasir inkişaf arasında qurulan balans daxil edildi. Bakıda keçirilən WUF13 bir daha nümayiş etdirdi ki, Azərbaycan artıq qlobal miqyasda yalnız enerji və geosiyasi layihələrlə deyil, həm də şəhərlərin gələcəyi, dayanıqlı inkişaf və müasir urbanizasiya məsələləri üzrə beynəlxalq müzakirələrin əsas iştirakçılarından birinə çevrilir.WUF13 çərçivəsində tətbiq olunan innovativ təşkilati yanaşmalar beynəlxalq iştirakçılar və tərəfdaşlar tərəfindən yüksək qiymətləndirildi. Forumun keçirilməsi zamanı istifadə olunan yeni idarəetmə və koordinasiya mexanizmləri tədbirin daha səmərəli və inklüziv şəkildə təşkilinə imkan yaratdı. Bu təcrübənin gələcək forumlar üçün nümunə kimi qiymətləndirilməsi Azərbaycanın şəhərsalma və beynəlxalq tədbirlərin idarə olunması sahəsində formalaşdırdığı peşəkar yanaşmanın göstəricisi oldu. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə BMT-nin Məskunlaşma Proqramı arasında imzalanmış Niyyət Məktubu da bu əməkdaşlığın yeni mərhələyə keçdiyini nümayiş etdirdi. Sənədə əsasən, gələcəkdə keçiriləcək Ümumdünya Şəhərsalma forumları üçün əməliyyat təlimatının məhz “WUF13 Bakı standartları” əsasında hazırlanması nəzərdə tutulur. Bu, Bakıda keçirilən forumun təşkilati modelinin beynəlxalq səviyyədə nümunə kimi qəbul edildiyini göstərir. Eyni zamanda, bu addım Azərbaycanın qlobal əhəmiyyətli tədbirlərin təşkili sahəsində qabaqcıl təcrübə formalaşdıran ölkələrdən birinə çevrildiyini bir daha təsdiqlədi.
WUF13 bir daha göstərdi ki, Azərbaycan artıq yalnız beynəlxalq tədbirlərə ev sahibliyi edən ölkə deyil, həm də urbanizasiya, postmünaqişə bərpası və dayanıqlı inkişaf sahəsində öz təcrübəsini dünya ilə bölüşən mühüm tərəfdaşdır. COP29-dan sonra WUF13 də Azərbaycanın qlobal dialoq platforması kimi rolunu daha da gücləndirdi. Forum həm Azərbaycanın beynəlxalq nüfuzunu artırdı, həm də ölkənin şəhərsalma, memarlıq və dayanıqlı inkişaf sahəsində təqdim etdiyi modelin beynəlxalq maraq doğurduğunu nümayiş etdirdi.
Rasim Əliyev
“AzPolitika.info”
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.