AZ

Bakı, həm də sübut etdi ki, qlobal gündəliyə ideya və model təqdim edən dövlətdir

ain.az, Olke.az saytına istinadən bildirir.

“Azərbaycan bir daha sübut etdi ki, artıq yalnız regionun deyil, qlobal platformaların da etibarlı ünvanıdır. Bakıda keçirilən və dünyanın şəhərsalma sahəsində ən nüfuzlu tədbirlərindən sayılan Ümumdünya Şəhərsalma Forumunun- WUF13-ün uğurla başa çatması təkcə diplomatik və təşkilati nailiyyət deyil, həm də Yeni Azərbaycanın dünyaya təqdim etdiyi inkişaf fəlsəfəsinin növbəti böyük nümayişi oldu”.

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Fəzail İbrahimli deyib.

Onun sözlərinə görə, 176 ölkədən 57 mindən çox iştirakçının qatıldığı, dövlət başçılarını, nazirləri, merləri, beynəlxalq təşkilat rəhbərlərini bir araya gətirən bu forum artıq Bakını qlobal urbanizasiya siyasətinin mühüm mərkəzlərindən birinə çevirdi. “Bu statistika sadəcə rəqəm deyil. Bu, Azərbaycanın artan beynəlxalq nüfuzunun, etimad kapitalının və siyasi çəkisinin göstəricisidir. Dünyanın diqqəti günlərlə Bakıya yönəldi və Azərbaycan yenə də bu diqqəti uğura çevirməyi bacardı”, - o vurğualyıb.

Millət vəkilinin fikrincə, WUF13 göstərdi ki, Azərbaycan yalnız beynəlxalq tədbir keçirən ölkə deyil, həm də qlobal gündəliyə ideya və model təqdim edən dövlətdir: “COP29-dan sonra WUF13-ün də yüksək səviyyədə təşkil olunması təkcə yeni reallıq formalaşdırmır, həm də Bakı qlobal qərarların, beynəlxalq dialoqun və gələcək inkişaf strategiyalarının müzakirə edildiyi əsas platformalardan birinə çevrilir.

Forum çərçivəsində yalnız şəhərsalma məsələləri deyil, dayanıqlı inkişaf, urbanizasiya, memarlıq, insan rifahı, sosial inklüzivlik, Minilliyin İnkişaf Məqsədləri, ekoloji təhlükəsizlik, beyin mərkəzlərinin qərarvermədə rolu kimi son dərəcə vacib və qlobal xarakterli məsələlər müzakirə olundu. Bakı bu forum vasitəsilə dünyaya bir mesaj verdi: müasir şəhər yalnız beton və binalardan ibarət deyil, insanı mərkəzə qoyan inkişaf modelidir.

Ən mühüm məqamlardan biri isə Azərbaycanın postmünaqişə dövründə yaratdığı inkişaf modelinin beynəlxalq auditoriyaya təqdim olunması idi. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma layihələri forum iştirakçılarının xüsusi diqqət mərkəzində oldu. İşğaldan azad edilmiş ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi, müasir infrastrukturun qurulması, yaşıl enerji yanaşması Azərbaycanın yalnız dağıdılmış torpaqları bərpa etmədiyini, eyni zamanda gələcəyin şəhərlərini inşa etdiyini göstərdi.

Bu gün Qarabağ artıq təkcə siyasi qələbənin simvolu deyil. Qarabağ XXI əsrin urbanizasiya və dayanıqlı inkişaf laboratoriyasına çevrilir. Azərbaycan dünyanın qarşısına yeni bir model çıxarır: müharibədən çıxmış bölgələri qısa müddətdə inkişaf, sabitlik və əməkdaşlıq məkanına çevirmək mümkündür. Bunun üçün isə güclü siyasi iradə, milli birlik və strateji baxış lazımdır.

WUF13 Azərbaycanın investisiya imkanlarının təqdimatı baxımından da mühüm platforma oldu. Forum çərçivəsində ölkənin nəqliyyat-logistika imkanları, yaşıl enerji potensialı, müasir şəhərsalma layihələri və regional bağlantı perspektivləri geniş müzakirə edildi. Bu isə gələcəkdə yeni investisiyaların cəlb olunması, yeni iş yerlərinin açılması, sosial rifahın daha da yüksəlməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Bakı forumu həm də Azərbaycanın yumşaq güc siyasətinin növbəti uğuru kimi tarixə düşdü. Dünya mediası günlərlə Azərbaycan haqqında danışdı. Xarici nümayəndələr ölkənin sürətli inkişafını, təhlükəsizliyini, müasir simasını və qonaqpərvərliyini yaxından gördülər. Azərbaycan bir daha göstərdi ki, Şərqlə Qərbi birləşdirən bu ölkə artıq yalnız enerji və geosiyasət məkanı deyil, həm də ideya, inkişaf və qlobal əməkdaşlıq platformasıdır.

Bu forum bir daha təsdiqlədi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət Azərbaycanı yeni dünya nizamında daha fəal oyunçuya çevirir. Bu gün Bakı təkcə regionun deyil, dünyanın diqqətlə izlədiyi strateji mərkəzlərdən biridir. Azərbaycanın beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi mövqeyi daha da möhkəmlənir, nüfuzu artır və siyasi çəkisi güclənir”.

 Deputat əlavə edib ki, WUF13 sadəcə başa çatan beynəlxalq tədbir deyil: “Bu forum Azərbaycanın gələcəyinin təqdimatı idi. Dünyaya nümayiş etdirildi ki, Yeni Azərbaycan yalnız öz regionunun deyil, qlobal inkişaf gündəliyinin də fəal iştirakçısıdır. Bakıdan verilən mesaj isə çox aydındır: gələcəyin şəhərləri, gələcəyin inkişaf modeli və gələcəyin əməkdaşlıq platformaları artıq burada formalaşır”.

Mürtəza

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
63
50
olke.az

10Mənbələr