AZ

Qlobal şəhərsalma gündəliyi Bakıda formalaşdı- ŞƏRH

Bakı, 23 may, AZƏRTAC

Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) artıq öz işini başa çatdırsa da təbii ki, bundan sonrakı mərhələdə onun hansı nəticələrlə tarixə yazıldığı, bu mötəbər beynəlxalq tədbirin qlobal səviyyədə hansı imkanları açdığı, həmçinin ölkəmizin dünya miqyasında dayanıqlı və təhlükəsiz şəhər modelinin müəyyənləşdirilməsinə töhfələri ətraflı şəkildə təhlil ediləcək. Necə ki, Azərbaycanın ev sahibliyi etdiyi COP29 iqlim konfransının uğurlu nəticələri, növbəti COP-lara təqdim etdiyi təcrübələr bu gün də təhlil edilməkdədir.

WUF13-ün Azərbaycanda keçirilməsi ölkəmizin gündən-günə artan beynəlxalq nüfuzunu, qlobal proseslərdə fəal iştirakını, xüsusilə şəhərsalma ilə dayanıqlı inkişaf sahələrində həyata keçirilən siyasətin beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirildiyini təsdiqlədi. WUF13 regionda ilk dəfə olaraq ölkəmizdə təşkil edilməsi Azərbaycanın beynəlxalq əməkdaşlıq və müasir şəhərsalma gündəliyində artan rolunun nümayişi oldu. BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası qlobal urbanizasiya problemlərinin müzakirəsi və həlli yollarının tapılması baxımından tarixi hadisə kimi yadda qaldı. İlk diqqətçəkən məqam 176 ölkədən 57 mindən çox nümayəndənin qatıldığı WUF13-ün iştirakçı sayının rekord həddə olması idi. Bu, Ümumdünya Şəhərsalma Forumunun indiyədək keçirilmiş ən genişmiqyaslı sessiyası oldu.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Rəhimzadə söyləyib.

Deputat qeyd edib ki, hazırda müasir dünyanın üzləşdiyi qlobal çağırışlar, münaqişələr və qeyri-sabitlik fonunda dialoqun və əməkdaşlığın vacibliyi əsasdır. Azərbaycanın dünyada əməkdaşlıq və dialoq məkanı kimi tanınması, nüfuz qazanması tədbir iştirakçılarının rəylərində də özünün aydın ifadəsini tapdı. Azərbaycanın müxtəlif mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi təcrübəsinin uğurlu nümunə olması, həmçinin Bakı Forumunun qlobal dialoqa töhfə verən platforma kimi tarixə yazıldığı xüsusi qeyd edildi.

Vüqar Rəhimzadə bildirib ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası qlobal şəhərsalma siyasətində yeni yol xəritəsini müəyyənləşdirdi. Forum çərçivəsində səsləndirilən fikirlərdə də bu məqam vurğulandı ki, indiyədək bu xarakterli heç bir sessiya WUF13 qədər geniş və müxtəlif qlobal auditoriyanı bir araya gətirməyib. Bu isə təhlükəsiz və dayanıqlı şəhər inkişafının ortaq gələcəyimizin mərkəzində dayanmasını bir daha təsdiqləyir. Urbanizasiya problemi hazırda əksər ölkələr üçün aktualdır, xüsusilə əhali sayının artması, ekoloji çağırışların meydana gəlməsi şəhərsalma prosesində yeni vəziyyət yaradıb. Bu baxımdan Bakı Forumu Azərbaycanın beynəlxalq urbanizasiya proseslərinə töhfəsinin və etibarlı tərəfdaş kimi yüksək nüfuzunun göstəricisi oldu.

O qeyd edib ki, WUF13 çərçivəsində keçirilən Liderlərin Bəyanatları Sessiyası əsas məqamlardan biri oldu. Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən Liderlərin Bəyanatları Sessiyası Ümumdünya Şəhərsalma Forumu tarixində ilk dəfə olaraq WUF13 çərçivəsində baş tutan belə bir Sessiyanın təşkili Azərbaycanın strateji dialoq, beynəlxalq əməkdaşlıq və qlobal təşəbbüslərin təşviqi üçün mühüm beynəlxalq platforma kimi artan rolunu bir daha nümayiş etdirdi, tədbirin siyasi əhəmiyyətini artırdı.

“Azərbaycan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına uğurlu ev sahibliyi ilə postmünaqişə dövründə bərpa və yenidənqurma sahəsində gördüyü işlərin fonunda dayanıqlı və təhlükəsiz şəhərlərin, yaşayış məskənlərinin qurulmasının təcrübəsini təqdim etdi. Belə ki, ölkəmizin təşəbbüsü ilə Ağdam, Zəngilan və Xankəndi şəhərlərində keçirdiyi Milli Şəhərsalma forumlarının fonunda bir daha təsdiqləndi ki, Qarabağ və Şərqi Zəngəzur regionlarında həyata keçirilən quruculuq prosesi təkcə şəhərsalma və infrastrukturun inkişafı deyil, regionda uzunmüddətli sülh və əməkdaşlığın qurulması baxımından xüsusi əhəmiyyət daşıyır. Həyata keçirilən məqsədyönlü layihələr, qurulan yeni əməkdaşlıqlar və formalaşan iqtisadi mühit yerli əhali üçün dayanıqlı yaşam imkanları yaradır və şəhərlərin dayanıqlı inkişafına xidmət edir.

Hazırda azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işlərinin aparılması zamanı ətraf mühitin qorunmasına diqqətin yetirilməsi, dayanıqlı infrastrukturun qurulması, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi prioritetdir. Dünya erməniliyinin növbəti kampaniyası iflasa ugradı. Beynəlxalq ictimaiyyət azad edilmiş ərazilərdə quruculuq işlərini hamıya nümunə göstərir. Azərbaycan COP29-da olduğu kimi, WUF13-ün də qalıcı irsini yaradır”,-deyə V.Rəhizmadə vurğulayıb.

Deputat əlavə edib ki, Azərbaycanın təşəbbüsü ilə “Bakı Şəhər Mükafatı”nın təsis olunması ölkəmizin qlobal şəhərsalma gündəliyinin təşviqinə sadiqliyinin növbəti təzahürü kimi dəyərləndirilir. Ümumdünya Şəhərsalma Forumunun gələcəkdə keçiriləcək sessiyalarına ev sahibliyi üzrə WUF13 Bakı standartlarına əsasən əməliyyat təlimatının birgə hazırlanması istiqamətində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə BMT-nin Məskunlaşma Proqramı arasında imzalanmış Niyyət Məktubu Azərbaycanın beynəlxalq əhəmiyyətli tədbirlərin təşkili sahəsində qabaqcıl təcrübə formalaşdıran ölkə olduğunu bir daha nümayiş etdirdi. Bir sözlə, Azərbaycan WUF13-ün gündəliyinə mühüm töhfələri ilə qlobal şəhərsalma məsələsində istinad nöqtəsi olacaq. Ən vacib məqamlardan biri Azərbaycanın şəhərsalma təcrübəsini paylaşılması oldu. Dünya Prezident İlham Əliyevin şəhərsalma sahəsində uzaqgörən liderliyini alqışladı. Qlobal şəhərsalma gündəliyi isə Bakıda formalaşdı.

Seçilən
90
50
azertag.az

10Mənbələr