Yaxud Fransa Prezidentinin bilmə(mə)li olduğu məqamlar barədə
Bəlkə Fransa Prezidenti Emmanuel Makron Ermənistanda bu suala başqa cür cavab verə bilməzdi. Yəqin hay auditoriyasına xoş gəlməsi üçün nə isə deməli idi. Axı o, Avropanın lider ölkəsinin rəhbəridir. Bütün bunları başa düşdük. Amma Makronun timsalında real durumu yaddan çıxaranlar və ya unudanlar var.
Ermənistanda Makrona “Azərbaycanda saxlanılan erməni hərbi əsirlər”lə bağlı sual ünvanlanıb. Daha doğrusu, onların azadlığa çıxmalarına və bu işdə Parisin təşəbbüsünə dair. Makron da üz-gözünə müdrik görkəm verərək bildirib ki, məsələni əvvəlcə Ermənistan, sonra isə Azərbaycan rəhbərliyi ilə danışacaq.
Bəli, Makronun durumu anlaşılandır. Paris İrəvanla əlahiddə yaxınlığa malikdir, Fransa erməni lobbi və diaspor təşkilatlarının geniş lövbər saldıqları və adətən seçki proseslərinə əhəmiyyətli təsir göstərdikləri ölkədir. Hər ölkənin bir cür bədbəxtliyi olur, Fransanınkı da budur, nə etmək olar? Hərçənd, məsələnin çox ciddi “əmması” var.
Birincisi, “Azərbaycanda saxlanılan erməni hərbi əsirlər” məsələsi siyasi şoudur və zaman-zaman Azərbaycana təzyiq vasitəsi kimi gündəmə gətirilib. Hazırda belə bir cəhdin heç bir nəticə verməyəcəyi gün kimi aydındır. Deməli, əvvəldən məkrli məqsəd güdən məsələdən, ümumiyyətlə, söz açmağa dəyməz, onu, sadəcə, tarixin zibilliyinə atmaq lazımdır. Tarixin zibilliyindən söz düşmüşkən, keçək növbəti məqama.
İkincisi, mövzunun Azərbaycan üçün prinsipial həssaslıq dərəcəsi var. Ölkəmiz və cəmiyyətimiz Qarabağ avantürasının daşıyıcısı olmuş, ərazilərimizdə insanlıq əleyhinə coxsaylı cinayətlər törətmiş və günahları sübuta yetirilmiş şəxslərin azadlığa çıxmalarına, əsla, imkan verməz. Nəzərə alaq ki, Azərbaycan dövləti cəmiyyətin baxışlarının əleyhinə addım atmır, atmayıb və atmayacaq da.
Üçüncüsü, həmin şəxslərin azadlığa çıxmaları, böyük ölçüdə, barəsində söz etdiyimiz Qarabağ avantürasının yenidən dirilməsi anlamı daşıyan hadisədir. Axı Ermənistanda bir çoxları bu adamları məhz bu avantüra kontekstində gündəmə gətirirlər. Hətta onlara “Arsax qəhrəmanları” kimi saxta ad verənlər də tapılır.
Dördüncüsü, erməni iqtidarının təmsilçilərinin də Bakı həbsxanalarında cəza çəkənlərdən, yumşaq desək, xoşları gəlmir. Görünür, elə buna görə də Makron əvvəlcə mövzu ətrafında onlarla danışmaqdan söz açır. Yəni tam mümkündür ki, Baş nazir Nikol Paşinyan və komandası “Artsax sevdalılarını” dəmir barmaqlıqlar arasından kənarda təsəvvürə gətirmir. Çünki bu şəxslər nəinki hərbi cinayətkardırlar, eyni zamanda, potensial olaraq Ermənistanda keçmişi yenidən canlandırmaq istəyənlərin cəbhəsində yer alanlardır. Azərbaycan belə bir cəbhənin dirçəlməsinə imkan tanıya bilməz, bu, öz yerində. Məsələ həm də ondadır ki, erməni iqtidarına indiki dövrdə problem lazım deyil.
Bütün bunlardan sonra Fransa Prezidenti Azərbaycan rəhbərliyi ilə nəyi danışacaqmış? Məgər, ortada müzakirə mövzusu var? Ermənistanda ev dustaqlığına məhkum olunmuş erməni əsilli rusiyalı iş adamı, Kremlin maşası Samvel Karapetyan nədirsə, Azərbaycanda məhbus həyatı yaşayan Ruben Vardanyan da odur. Birinci indi Ermənistanda hakimiyyəti dəyişməklə bağlı ultimatumlar verir, ikinci əvvəllər bu mövzuda sərsəmləyirdi. Görəsən, Makron ölkəmizin rəhbərliyindən Rubeninmi azadlığa çıxmasını xahiş edəcək? Bəlkə o, Rusiyadakı bəzi qüvvələr kimi, Paşinyan iqtidarının devrilməsini istəyir? Sualımız ritorikdir, hərçənd siyasətin oyun qaydaları bəzən anlaşılmaz qalır.
Digər tərəfdən, bəlkə Makron Gəncədə yaşayış binasına raket atmaqla çoxsaylı dinc sakinin həyatını itirməsinə və yaralanmasına səbəb olmuş, canlı efirə çıxıb əməli ilə qürrələnmiş, bu azmış kimi Azərbaycanı yeni raket atəşləri ilə hədələmiş Arayik Arutyunyan kimi separatçıbaşının azadlığa çıxmasını xahiş etmək fikrindədir? Görəsən, Fransada belə bir amplualı şəxs olsaydı, hansısa başqa dövlətin rəhbəri Makrondan onun sərbəst buraxılmasını istəyərdimi? Bu sualımız da ritorikdir. Çünki cavabı məlumdur.
Daha bir məqama diqqət yetirək. Ümumən, dövlət başçılarının nəyisə bir-birilərindən xahiş etmələrinə, kluar söhbətləri aparmalarına dair diplomatik təcrübə var. Əslində, VIII toplantısı Ermənistanda keçirilmiş “Avropa Siyasi Birliyi” də, müəyyən mənada, məhz bu baxımdan münbit platformadır. Ancaq hər xahişin və istəyin ədəb-ərkanı olmalıdır. Cənab Makron bu barədə düşünməli və Azərbaycan rəhbərliyi ilə əslində, hansı mövzunu müzakirə edəcəyinin fərqinə varmalıdır. Ən başlıcası isə o, ölkəmizin “qırmızı xət”lərini nəzərə almalıdır.
Başqa bir məqam Makronun özünün siyasətçi nüfuzu ilə bağlıdır. Aydındır ki, ona verilən sual erməni ictimai rəyinin müəyyən kəsimi üçün əhəmiyyətə malikdir. Deməli, sualın cavabına da konseptual yanaşma önəmlidir. Konseptual yanaşma isə budur ki, Bakı həbsxanalarında yatanlar, təqdim edildikləri kimi, heç də hərbi əsir deyillər. Onların cinayətkar olduqlarını vurğuladıq, əlavə edək ki, bu şəxslər, eyni zamanda, Ermənistan ərazisində yox, Azərbaycan torpaqlarında ələ keçiriliblər. Ortaya elementar sual çıxır: Ermənistan vətəndaşlığını daşıyan şəxslər Azərbaycanda nə gəzirdilər? Hələ onların ağızlarını köpükləndirib, durmadan “Artsax” vay-şüvəni qopardıqlarını bir kənara qoyuruq.
Sözümüz ondadır ki, cənab Makron ona ünvanlanmış sualı məhz vurğuladığımız kontekstdən cavablandırmalı, Azərbaycan rəhbərliyi ilə nəyisə danışacağına dair mesaj verməməli, ən başlıcası, düşünməli idi ki, nəinki danışığın heç bir faydası olmayacaq, ümumən, belə bir söhbətin özü beynəlxalq hüquq normalarına aşkar etinasızlıqdır. Axı Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin VIII toplantısında videobağlantı formatında çıxışı zamanı açıqca bildirdi ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi istənilən digər dövlətin ərazi bütövlüyü və suverenliyi ilə eyni dərəcədə qiymətləndirilməlidir. Bakı həbsxanalarında cəza çəkənlər bunu anlamayanlardır. Makrondamı anlamır? İstəməzdik belə düşünək...
Nəhayət, Cənubi Qafqazda sülh məsələsinə gələk. Bəli, sülh naminə müəyyən güzəştlərin vacibliyini biz də bilirik. Azərbaycanın ən böyük güzəşti otuz ilə yaxın müddətdə işğalçı siyasət yürütmüş Ermənistana barış əlini uzatmaqdır. Həm Makron, həm də başqa Avropa ölkələri bunu böyük lütf kimi qiymətləndirməlidirlər. Onlar onu da nəzərə almalıdırlar ki, keçmişin qalığı olan və iyrənc siluetləri ilə münaqişə məntiqini qoruyan separatçıların azadlığa çıxmaları istiqamətində hansısa cəhd göstərmək, bilavasitə, sülhə zidd məqamdır. Axı barış həm də fundamental səciyyə daşımalı, bütün komponenetlər düşünülməlidir.
Bu gün Azərbaycan sülh naminə real jestlər edir. Ölkəmiz Ermənistana daşımaların tranzitini həyata keçirir, özünün neft məhsullarını qonşusuna ixrac edir. Prezident İlham Əliyev də bununla bağlı bütün məhdudiyyətlərin aradan qalxdığını bəyan edir, üstəlik qarşıda görüləsi daha böyük işlər var. O işlər ki, Ermənistana və erməni xalqına dinclik və rifah gətirəcək. Yəni belə bir sülh sadiqliyi və ardıcıllığı fonunda dərisi beş qəpiyə dəyməyən şəxslərin azadlığa çıxmaları barədə söz açmaq ən azından qeyri-ciddilikdir. Elə bilirik, əlavə şərhə ehtiyac yoxdur.
Ə.CAHANGİROĞLU
XQ