AZ

Makron İrəvanda ziddiyyətli mesajlar verdi Politoloq

ain.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Parisin Cənubi Qafqaz siyasəti sülhə yox, rəqabətə xidmət edir

Fransa Prezidenti Emmanuel Macron Cənubi Qafqazla bağlı diqqətçəkən açıqlama verərək bildirib ki, region xarici güclərin rəqabət meydanına deyil, əməkdaşlıq və sabitlik məkanına çevrilməlidir. Onun sözlərinə görə, Cənubi Qafqaz yerli xalqları qarşı-qarşıya qoyan imperiya maraqlarının təsirindən çıxaraq Avropa, Asiya və Yaxın Şərq arasında strateji körpü rolunu yenidən bərpa etmək potensialına malikdir. Makronun bu mesajı Fransanın regionla bağlı artan siyasi maraqları fonunda xüsusi diqqət çəkir.

Politoloq Oqtay Qasımov Sherg.az-a bildirib ki, Makronun İrəvandakı çıxışında bir çox məqamlar diqqət çəkdi:

"Burada xüsusilə də Ermənistanın təhlükəsizliyinin təmin olunması, Rusiya hərbi qüvvələrinin Ermənistanda yerləşməsi məsələsi, Koçaryan və Sarkisyanla bağlı fikirləri, eyni zamanda Güney Qafqazla bağlı səsləndirdiyi fikirlər maraq doğurur. Həmçinin onun Güney Qafqazla bağlı söylədiyi fikirlər əslində bir-biri ilə müəyyən ziddiyyətlər təşkil edir. O, bir tərəfdən Güney Qafqazın imperiyaların maraqlarının toqquşduğu rəqabət məkanı olmamasından danışır, digər tərəfdən isə özü əslində bu rəqabətə rəvac verən addımlar atır. Azərbaycanla Ermənistan arasında sülh prosesi getdiyi dövrdə Makronun və Fransanın atdığı addımlara diqqət etsək, bu, əslində bölgədə sülh prosesinə maneə kimi dəyərləndirilməlidir. Bundan başqa Fransa Ermənistanda öz hərbi varlığını artırmaqla bölgəyə yerləşməyə çalışırdı ki, bu da regionun rəqabət mühitinə çevrilməsinə xidmət edən amillərdən biridir. Ümumiyyətlə Makron son dövrlər Fransanın Avropanın təhlükəsizlik arxitekturasında önəmli bir rol oynadığını nümayiş etdirməyə çalışır. Yəni o göstərməyə çalışır ki, Fransa Avropanın lider dövlətidir və təhlükəsizlik çətiri Fransa tərəfindən təmin edilə bilər. Amma bu bəyanatlarla ambisiyalar və reallıqlar, potensial üst-üstə düşmür, yalnız bəyanat olaraq qalır".

Analitik qeyd edib ki, Ermənistan-Fransa münasibətləri nə qədər dərin olsa da, Fransanın bu bölgədə ənənəvi güclərlə rəqabət aparmaq imkanları çox da yüksək dəyərləndirilmir:

"Hələ nəzərə alsaq ki, Fransa ümumiyyətlə Afrikada öz mövqelərini itirib, Rusiya ilə müəyyən mənada rəqabət aparır, Türkiyə ilə Şimali Afrikada, Şərqi Aralıq dənizində rəqabət aparmaqdadır və bu rəqabətdə heç də uğurlu bir nəticə yoxdur. Digər tərəfdən Avropa İttifaqı Cənubi Qafqazda Rusiyanı sıxışdırıb çıxarmaqla bağlı mövqeyini açıq şəkildə ifadə edir. Amma Avropanın da bölgədə imkanları yetərli qədər deyil. Çünki Avropanın özü hal-hazırda ciddi şəkildə təhlükəsizliklə bağlı sıxıntılar yaşayır. Bu baxımdan, Makronun bəyanatlarını daha çox Ermənistana və Paşinyana siyasi dəstək mahiyyətli olduğunu qəbul etmək olar. Lakin “imperiyaların rəqabət məkanı” ifadəsi daha çox Moskvaya qarşı mesaj daşıyır və burada Rusiya ilə rəqabətdən söhbət gedir. Hələlik Fransanın təkbaşına, xüsusən də Avropa Birliyindən kənar şəkildə Güney Qafqazda aparıcı rola yiyələnməsi və çıxış etməsi real görünmür. Çünki bunun üçün ciddi potensiala ehtiyac var və ciddi siyasi iradəyə yük düşür. Ən önəmlisi isə budur ki, rəqabət aparan tərəflər əslində regiona heç də fayda vermirlər, Makron da daxil. Cənubi Qafqazda sülh və sabitliyin əldə olunmasında isə Azərbaycanın xüsusi rolu var və Azərbaycan sülh gündəliyi ilə siyasət aparır, Ermənistan da bu prosesə qoşulub. Əslində, Güney Qafqaz ölkələrinin öz imkanları çatır ki, bu bölgəni imperiyaların rəqabət məkanından çıxararaq sabitlik və əməkdaşlıq coğrafiyası formatı yarada bilsinlər".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
2
44
sherg.az

10Mənbələr