AZ

Makron “qırmızı xətt”i keçir: Azərbaycan buna imkan verməyəcək

ain.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Fransa Prezidenti Emmanuel Makron Azərbaycana qarşı müharibə cinayətləri törətdiyinə görə həbs edilmiş separatçıların azadlığa buraxılması ilə bağlı məsələyə toxunub. 

Onların azadlığa buraxılması ilə bağlı suala cavab verən Makron bu mövzunu Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşlərdə müzakirə etmək niyyətində olduğunu, həmçinin Azərbaycan Prezidenti İlham Əliyev ilə ayrıca danışıq aparacağını bildirib. Makron bildirib ki, Fransa vasitəçi rolunu oynamağa və “vəziyyətin yaxşılaşmasına kömək etməyə” çalışır. 

Qeyd edək ki, Azərbaycanla Ermənistan arasında sülh mühaitinin formalaşdığı bir vaxtda Emmanuel Makronun müharibə cinayətkarlarının azadlığa buraxılmasından söz açması yalnız siyasi təxribat hesab edilə bilər. 

Çünki Azərbaycanla Ermənistan postmünaqişə dövrünü yaşayır və hər iki ölkə ticarət əlaqələrinin bərpasına başlayıb. 2026-cı ildə Azərbaycan və Ermənistan liderlərinin yekun sülh müqaviləsini imzalayacağı gözlənilir. 

Bununla da Cənubi Qafqazın geosiyasi və geoiqtisadi konfiqurasiyasında yeni tarixi mərhələ başlayacaq. Qeyd edilən kontekstdə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa Siyasi Birliyinin İrəvanda keçirilən sammitində onlayn qoşularaq çıxış etməsi sülhün 50-yə yaxın dövlətin iştirak etdiyi geniş platformada təsdiqi deməkdir. 

Belə vəziyyətdə Fransa Prezidentinin Azərbaycana qarşı işğalçılıq, etnik təmizləmə, soyqırımı və terror cinayətləri törətmiş erməni əsilli şəxsləri azadlığa buraxmaq məsələsini dövlət başçıları səviyyəsində müzakirə etmək istəyi sülh prosesinə zərbədir. 

Azərbaycan tərəfi Makronla belə bir absurd məsələni müzakirə etmək niyyətində deyil. Makronun həmin mövzunu Azərbaycan Prezidenti ilə danışmaq səlahiyyəti də yoxdur. Hərbi cinayətlər törətmiş şəxslər məhkəmə qərarı ilə azadlıqdan məhrum edilib. 

Fransa Prezidentinin onların azadlığa buraxılması məsələsini qaldırmaq niyyəti Azərbaycanın daxili işlərinə qarışmaqdır. Makronun müharibə cinayətləri törətmiş terrorçuları müdafiə etməsi onların əməllərinə bəraət qazandırmaq və bölgədə münaqişəni yenidən bərpa etmək cəhdi kimi qiymətləndirilə bilər. 

Bu baxımdan, Fransa Prezidentinin açıqlaması Ermənistan hakimiyyətinin sülh kursuna da ziddir. Ona görə də nəinki Azərbaycan rəhbərliyinin, hətta Ermənistanın Baş nazirinin də Makronun təşəbbüsünə ciddi yanaşıb erməni məhbuslar məsələsini onunla müzakirə edəcəyi inandırıcı görünmür. 

Müşfiq Abdulla 

“Cebheinfo.az”

 

Açar sözlər:

Makron Azərbaycan

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
44
cebheinfo.az

10Mənbələr