AZ

Meloninin Bakıya səfəri həm Azərbaycan, həm də region üçün önəmlidir



İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloninin Bakıya səfəri bir çox baxımdan həm Azərbaycan, həm də region üçün önəmlidir. Sonuncudan başlasaq, region üçün ona görə önəmlidir ki, Almaniyanın ardınca Avropa İttifaqının daha bir mühüm oyunçusu bu addımı ilə Cənubi Qafqazda bölücü xətlər çəkməyin əleyhinə çıxdı. Yəni Ermənistan-Avropa İttifaqı sammitinə qatılmaq istəmədi və nəinki qatılmaq istəmədi, orada iştirakdansa Azərbaycana gəlməyi üstün tutdu.Mən tam əminəm ki, Ermənistan-Avropa İttifaqı sammitinin əsas təşəbbüskarı olan Fransa Prezidenti Makron bununla göstərməyə çalışdığı kimi, heç də Nikol Paşinyana dəstək, yaxud da guya Rusiyanın Ermənistandakı mövqelərini sarsıtmaq haqda düşünmür. Əgər düşünsə idi, sammit öncəsi daşnak yığnağının Parisdəki forumlarını, digər baş verənləri demirik, Paşinyana və guya Ermənistanda demokratiyaya dəstək adı altında Avropa Parlamentində sırf Rusiyanın maraqlarına cavab verən, onun diqtəsi ilə hərəkət edən Karapetyan, Köçəryan sayaq revanşistlərin düz yolda olduqlarına haqq qazandıran qətnamə qəbul edilməzdi. O qətnamənin qəbulunda təkbaşına hərəkət etməsə də, Fransanın oynadığı rol kimsəyə sirr deyil.Ermənistandakı seçici görəndə ki, Avropada da regionun gələcəyi ilə bağlı Paşinyanın yox, Köçəryanın, Karapetyanın fikirlərini bölüşürlər, olmayan “Dağlıq Qarabağ”dan, özləri çıxıb gedənlərin yenidən ora qaytarılmalarından, müharibə cinayətkarlarının buraxılmalarından bəhs edirlər, kimə haqq qazandıracaqlar — onlara, yoxsa Paşinyana? Onda bu nə dəstəkdir belə?Burada açıq-aydın görünən odur ki, Paşinyanın 7 iyun seçkisində qələbə qazanmaq ehtimalı ancaq Azərbaycan və Türkiyə faktoruna görə mümkündür. Yəni Ermənistan cəmiyyəti yaxşı bilir ki, revanşistlərin hakimiyyətə gəlməsində maraqlı olan dövlətin məqsədi yenidən regionda qarşıdurma yaratmaqdır. Bu qarşıdurmanın nə ilə nəticələnəcəyini isə qonşularımız yaxşı anlayırlar, çünki ortada acı təcrübə var. Amma daha açısı ilə üzləşə bilərlər. Çünki Türkiyə də, Azərbaycan da durmadan öz hərbi potensiallarını artırırlar.Xanım Meloninin ölkəmizə səfərində də üzərində ayrıca dayanılmalı bir məsələ vardı ki, o da gözlənildiyi kimi hərbi-texniki əməkdaşlıqdır. Bir neçə gün qabaq Azərbaycanın müdafiə nazirinin İtaliyada səfərdə olmasını xatırlatsaq, deyə bilərik ki, burada hansısa niyyətin ifadə olunmasından çox, konkret addımların atılacağından söhbət gedir. Və görürük ki, Latviya, Çexiya ilə ötən aykı razılaşmaların ardından daha bir Avropa İttifaqı üzvü — özü də hansı üzvü — Azərbaycanla hərbi-texniki əməkdaşlığı (diqqət edin, İtaliya baş nazirinin sözləridir) “bilik mübadiləsinədək” dərinləşdirmək və yenə onun açıqlamasında vurğulandığı kimi, aerokosmik sənaye, dəniz təhlükəsizliyi məsələlərində birgə əməkdaşlığadək genişləndirmək niyyətindədir.Avropa Parlamentinin qətnaməsində Azərbaycanla hərbi-texniki əməkdaşlığı dayandırmaq çağırışı da vardı ha, indi o çağırışı ora saldıranların planları hara göndərilir? Bu gün konsert çıxarılacaq, bəli, konsert veriləcək yox, məhz konsert çıxarılacaq Gümrüyə yox, Qarabağın statusu olan yerə.Başqa necə olmalı idi? Cənab İlham Əliyev də qeyd etdi: Azərbaycan hazırda İtaliyanın ikinci ən əhəmiyyətli neft və qaz təchizatçısıdır. Ona görə də İtaliya baş naziri “enerji və bağlantılar eyni medalın iki üzüdür” deyərək Azərbaycanın Avropa ilə Asiya arasında fundamental qovşaq rolunu möhkəmləndirməsində maraqlı olduqlarını diqqətə çatdırır. Fikrimcə, bu həm də “sülh qovşağı”ndan dəm vuranların, Hindistan-İran-Ermənistan xəyali marşrutu quranların realist olmalarına çağırışdır.

Sahib Alıyev, Milli Məclisin deputatı
Seçilən
17
44
newscenter.az

10Mənbələr