EN

İrəvanda “seçkidən sonra müharibə başlaya bilər” XƏBƏRDARLIĞI - Bakıdan SON DƏQİQƏ reaksiyası

Rizvan Nəbiyev: “Paşinyan seçicilərə belə bir seçim təqdim edir: ya mövcud hakimiyyət və nisbi sabitlik, ya da qeyri-müəyyənlik və müharibə riski”

7 iyun parlament seçkilərinə hazırlaşan Ermənistanda düşərgələrarası mübarizə getdikcə qızışır. Baş nazir Nikol Paşinyan seçkilərlə bağlı sərt və diqqətçəkən açıqlama verib. O bildirib ki, əgər rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” Partiyası parlament seçkilərində konstitusion çoxluq əldə etməzsə, ölkəni ciddi təhlükə gözləyə bilər. Paşinyanın sözlərinə görə, belə olduğu halda sentyabr ayında “dağıdıcı müharibə” ehtimalı yaranacaq.

PASİN.jpg

Baş nazir Nikol Paşinyanın ardınca xarici işlər naziri Ararat Mirzoyan da bildirib ki, hakim partiya 7 iyundakı parlament seçkilərində çoxluğu təmin edə bilməsə, Azərbaycanla müharibə olacaq.

MİRZOYAN.jpg

Nazir deyib ki, belə bir perspektiv realdır və bu, müxalifət qüvvələrinin ideologiyasından irəli gəlir. O, rəqiblərini “faktiki olaraq bütün qonşu ölkələrə qarşı” ərazi iddiaları irəli sürməkdə ittiham edib.

Elə bu gün parlament sədri Alen Simonyan da müharibə ehtimalından danışıb və bu təhlükənin təəccüblü olmadığını deyib.

8a758d94-57f0-3bb8-a933-a9f77e5e6725_1200.jpg

Milli Məclisin deputatı, siyasi elmlər doktoru Rizvan Nəbiyev mövzu ilə bağlı Musavat.com-un suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik:

- Rizvan bəy, Ermənistan baş nazirinin ardınca xarici işlər naziri də revanşistlərin seçkiləri udması halında müharibənin başlaya biləcəyi barədə xəbərdarlıq etdi. Bu, seçiciləri öz tərəfinə çəkmək üçün gündəmə atılan fikirdir, yoxsa xəbərdarlığı ciddi qəbul etmək lazımdır?

- Ermənistan baş naziri Nikol Paşinyanın seçkilərlə bağlı son açıqlamaları ölkədaxili siyasi mübarizənin yeni mərhələyə keçdiyindən xəbər verir: Belə ki, onun “konstitusion çoxluq olmazsa, dağıdıcı müharibə riski arta bilər” fikri həm daxili auditoriyaya, həm də xarici aktorlara ünvanlanmış kompleks siyasi mesaj kimi qiymətləndirilə bilər. Bu bəyanat təkcə emosional və ya situativ çıxış deyil, həm də çoxqatlı siyasi, təhlükəsizlik və geosiyasi mesajlar ehtiva edən strateji ritorikadır. Bu açıqlama regionda təhlükəsizlik mühitinə dair müzakirələri də yenidən aktuallaşdırıb.

Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” Partiyası hazırda Ermənistanın əsas hakim qüvvəsidir. Lakin son illərdə – xüsusilə İkinci Qarabağ müharibəsi və 2023-cü ildən sonra regionda formalaşan yeni reallıqlar fonunda müxalifət düşərgəsində əsasən iki xətt müşahidə olunur: revanşist və daha sərt mövqeli qüvvələr - və onların ərazi və təhlükəsizlik məsələlərində maksimalist yanaşması, reallıqda isə mümkün olmayan tələbələri, qeyri-müəyyən mövqeli, lakin Paşinyan əleyhinə birləşən müxtəlif siyasi qruplar. Baş nazir Paşinyanın mesajı bu kontekstdə seçicilərə “sabitlik və risk” dilemması qarşısında seçim etmək şansı verir. Başqa sözlə, Paşinyan seçicilərə belə bir seçim təqdim edir: ya mövcud hakimiyyət və nisbi sabitlik, ya da qeyri-müəyyənlik və müharibə riski. Bu, siyasi texnologiya baxımından effektiv üsuldur: Xüsusilə müharibə travması yaşamış cəmiyyətlərdə təhlükəsizlik faktoru seçici davranışına ciddi təsir edir.

RİZVAN.jpg

- Nikol Paşinyanın gerçək niyyəti nədir?

- Paşinyanın bu cür sərt ifadələr işlətməsi bir neçə məqsədə xidmət edə bilər. Birincisi, seçici mobilizasiyası və bununla seçkilərdə tam qalibiyyətin təmini. Hakimiyyət seçkilərdə elektoratı səfərbər etmək üçün xüsusi ilə hazırkı geosiyasi şəraitdə çox aktual və vacib olan “təhlükəsizlik” faktorundan istifadə edir. Mesajın mahiyyəti belədir: “Hakimiyyət dəyişərsə, ölkə qeyri-sabitliyə və müharibəyə sürüklənə bilər.” Bu, müxalifətə qarşı preventiv diskreditasiya taktikasıdır. Revanşist qüvvələr dolayısı ilə “müharibə riski yaradan aktorlar” kimi təqdim olunur. Daha doğrusu, ifşa olunur. İkincisi, xarici aktorlara - bu, Azərbaycanla yanaşı, regionda birbaşa maraqları olan digər güc mərkəzlərinə də ünvanlanmış mesajdır. Bu açıqlama xüsusi ilə regiondakı əsas oyunçulara mesajdır ki, mövcud hakimiyyət “proqnozlaşdırıla bilən tərəfdaşdır və onunla əməkdaşlığın davamı daha perspektivlidir”.

- Revanşistlər iyun seçkilərindən sonra hakimiyyətə gələrsə, hansı real risklər yarana bilər? Bir az da konkretləşdirsək, revanşist qüvvələr hakimiyyətə gəlsə, müharibə qaçılmazdırmı?

- Real vəziyyət daha mürəkkəbdir. Əvvəla, hərbi balans ciddi dəyişib, həm də Ermənistanın əleyhinə. 2020-ci ildən sonra regionda güc nisbəti ciddi şəkildə Azərbaycanın xeyrinə dəyişib. Ermənistanın hərbi, maliyyə və iqtisadi imkanları genişmiqyaslı müharibə aparmaq üçün çox məhduddur. İkincisi, beynəlxalq faktor, xüsusilə ABŞ, Avropa İttifaqı, eləcə də Rusiya regionda sabitliyin qorunmasında maraqlıdır. Açıq müharibə bu aktorların maraqlarına ziddir.

Üçüncüsü, Ermənistan cəmiyyətinin işğaldan və müharibədən yorğunluğu ortadadır. Uzunmüddətli münaqişə və itkilər Ermənistan cəmiyyətində müharibəyə qarşı müəyyən psixoloji baryer formalaşdırıb. Bu səbəbdən revanşist ritorika olsa belə, onun real hərbi eskalasiyaya çevrilməsi avtomatik deyil.

- Dediklərinizdən belə çıxır ki, Paşinyanın açıqlamalarının fonunda siz də riskləri istisna etmirsiniz, eləmi?

- Paşinyanın dediklərini əsassız saymaq da düzgün olmaz. Risklər daha çox aşağıdakı ssenarilərdədir: Sərt ritorikanın artması lokal insidentlərə yol aça bilər, bu isə idarəolunmaz forma ala bilər. Sülh müqaviləsinin imzalanmamsı, etimad quruculuğuna zərbələr, şərti sərhəddə təxribatlar siyasi atmosferdə gərginliklər yarada bilər. Bu halda genişmiqyaslı müharibədən çox, “idarə olunan gərginlik” ssenarisi daha real görünə bilər.

- Əsas sual bundan ibarətdir: sülh prosesi təhlükə altına düşə bilərmi?

- Bəli, əsas risk məhz buradadır. Hazırkı mərhələdə region üçün əsas məsələ sülh müqaviləsinin imzalanması, kommunikasiyaların açılması və sərhədlərin delimitasiyasıdır. Revanşist qüvvələrin hakimiyyətə gəlməsi bu prosesləri ləngidə və yaxud poza bilər. Ermənistan müxalifətinin hakimiyyətə gəlməsi müharibə riskini artıra bilər, lakin bu risk dərhal müharibə ssenarisinin işə düşməsi deyil. Əsas təhlükə sülh prosesinin uzanması, yaxud pozulması və qeyri-sabitliyin artmasıdır. Baş nazir Paşinyanın açıqlaması daha çox daxili siyasi mübarizənin aləti olaraq seçkiöncəsi taktiki ritorika və təhlükəsizlik üzərindən legitimliyi təmin etmək cəhdi kimi görünür.

Ən kritik məqam isə budur ki, Cənubi Qafqaz artıq yeni geosiyasi mərhələyə daxil olub, yeni və beynəlxalq hüquqa əsaslanan status-kvo formalaşıb. Bu mərhələdə müharibə əvvəlki kimi “rasional seçim” deyil. Buna cəhd edən istənilən siyasi qüvvənin isə kənar aktorların əlində marionetə çevriləcəyi və siyasi gələcəyinin çox dumanlı olacağı realdır.

Elşad Paşasoy,
Musavat.com

Chosen
16
33
musavat.com

10Sources