London, 21 mart, AZƏRTAC
İran Hind okeanında yerləşən Çaqos adalarındakı Dieqo Qarsiya ABŞ-Böyük Britaniya hərbi bazasına iki ballistik raket atıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb. Bildirilir ki, Tehran tərəfindən buraxılan orta mənzilli iki ballistik raket hədəfə çatmayıb.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İrana hərbi əməliyyatları tədricən azaltmaq imkanlarını nəzərdən keçirdiyini bildirmişdi. O, Hörmüz boğazından istifadə edən ölkələrin bu strateji dəniz yolunu özlərinin qorumalı və nəzarətdə saxlamalı olduqlarını vurğulayıb.
ABŞ Prezidenti “Truth Social” platformasında paylaşımında qeyd edib ki, Vaşinqton Yaxın Şərqdə İranla bağlı hərbi əməliyyatlarda məqsədlərinə yaxınlaşır və bu səbəbdən əməliyyatların mərhələli şəkildə dayandırılması məsələsinə baxılır.