AZ

Dünya müharibəsinin başlaması AN MƏSƏLƏSİDİR – İran raketi Hind okeanına çatdı

İranın Hind okeanında yerləşən və ABŞ-nin ən strateji hərbi obyektlərindən biri hesab olunan Diego Qarsiya aviabazasına iki ballistik raket atması Yaxın Şərqdəki gərginliyi rəsmən qlobal müstəviyə daşıyıb. Bu hücum Böyük Britaniyanın sözügedən bazadan İrana qarşı hərbi əməliyyatlarda istifadə edilməsinə icazə verməsindən dərhal sonra baş verib ki, bu da Tehranın birbaşa Qərb koalisiyasına meydan oxuması kimi qiymətləndirilir.

Raketlərdən birinin hədəfdən yayınması, digərinin isə ABŞ-nin raketdən müdafiə sistemi tərəfindən zərərsizləşdirilməsinə baxmayaraq, hadisənin hərbi və siyasi çəkisi kifayət qədər ağırdır. Xüsusilə raketlərin uçuş məsafəsinin təxminən 4000 km olması İranın raket potensialı ilə bağlı əvvəllər elan edilmiş rəqəmlərin reallığı əks etdirmədiyini və bu mənzilin artıq Cənubi Avropa ölkələrinə qədər uzandığını aşkar edib. Bu fakt artıq münaqişənin regional çərçivələri aşaraq qitələrarası təhlükəsizlik probleminə çevrildiyini təsdiqləyir.

Azər Hüseynov

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Azər Hüseynov qeyd edib ki, bu hücum artıq Yaxın Şərqdə lokal bir müharibənin deyil, qlobal güclərin birbaşa toqquşduğu yeni və daha təhlükəli dünya nizamının başlanğıcıdır:

“Diego Qarsiya bazasına endirilən zərbə cəhdi Tehranın hərbi strategiyasında inqilabi bir dəyişiklikdir. Biz illərdir İranın raket mənzilinin 2000-2500 km olduğunu eşidirdik, lakin bu hücum göstərdi ki, Tehranın əlində 4000 kilometrlik hədəfləri vura biləcək texnologiya artıq mövcuddur. Bu isə o deməkdir ki, artıq heç bir ABŞ bazası, Hind okeanı və hətta Fransanın, İtaliyanın, İspaniyanın cənub şəhərləri İranın ballistik raketlərinin hədəf zonasına daxil olub”.

Şərhçinin sözlərinə görə, Britaniyanın bazadan istifadə icazəsi verməsi Tehran üçün son “qırmızı xətt” idi və onlar bu zərbə ilə cavabın simmetrik və qlobal olacağını göstərdilər:

“Strateji baxımdan bu hücum Qərb üçün bir mesajdır: müharibə təkcə İran torpaqlarında getməyəcək, Qərbin ən uzaq və ən gizli strateji nöqtələri də alovlar içində qala bilər.

İkinci raketin ABŞ tərəfindən ələ keçirilməsi müdafiə sistemlərinin hələlik işlədiyini göstərsə də, ballistik raketlərin sayının artacağı təqdirdə bu qorunmanın nə dərəcədə effektiv olacağı böyük sual altındadır. Biz artıq regionla məhdudlaşmayan, coğrafiyası okeanları aşan bir qarşıdurmanın şahidiyik. Bu hadisə dünya enerji marşrutlarının və qlobal təhlükəsizlik arxitekturasının təməllərini sarsıdır”.

Tunar
NOCOMMENT.az

Seçilən
78
21
nocomment.az

10Mənbələr