EN

Federiko Valverde: “Həmişə var gücümü ortaya qoymağa çalışıram” – ARENA.AZ

Futbol üzrə Uruqvay millisinin yarımmüdafiəçisi Federiko Valverde Madrid “Real”ının heyətindəki rolundan söhbət açıb.

Arena.az uruqvaylı futbolçunun müvafiq açıqlamasını təqdim edir:

“Məşqçinin və ya məşqçi heyətinin fikirlərinə uyğunlaşmağa həmişə çalışıram. Bir çox mövqelərdə oynamışam, heç də həmişə yarımmüdafiədə deyil. Amma həmişə öz töhfəmi verməyə, bütün güc-qüvvəmi ortaya qoymağa çalışıram”, deyə “Fede” vurğulayıb.

Federiko Valverde 2017-ci ildən “Real”ın əsas komandasında çıxış edir. O, karyerasına “Penyarol”da başlayıb, 2015/2016-cı illər mövsümündə Uruqvay çempionluğunu qazanmış “Penyarol”da “Real”ın diqqətini çəkib və transfer edilərək, 2016/2017-ci illər mövsümünü “Real”ın “B” komandasında keçirib. 2017-ci ildə madridlilərin əsas komandasında debüt etmiş Valverde 2017/2018-ci illər mövsümünü “Deportivo La Korunya”da icarədə keçirib və növbəti mövsümdə “Real”a qayıdıb. Valverdenin “kral klubu” ilə müqaviləsinin müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Valverde “qaymaqlılar”ın heyətində 39 oyuna çıxıb, 6 qol vurub, 12 məhsuldar ötürmə verib.

Valverdenin “Real”da ümumi göstəricisi isə belədir: 362 oyun, 38 qol, 43 məhsuldar ötürmə.

Valverde “kral klubu” ilə bütün mümkün klub turnirlərini qazanıb: İspaniya La Liqasının (2019/2020, 2021/2022, 2023/2024), İspaniya Kral Kubokunun (2022/2023), İspaniya Super Kubokunun (2019/2020, 2021/2022, 2023/2024), Çempionlar Liqasının (2021/2022, 2023/2024), UEFA Super Kubokunun (2022/2023, 2023/2024), FIFA Klub Dünya Kubokunun (2018, 2023), FIFA Qitələrarası Kubokun (2023/2024) qalibi olub.

Valverde 2017-ci ilin sentyabrında debüt etdiyi Uruqvay yığmasının heyətində 71 oyun keçirib, 8 qol vurub, 2 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 27 yaşlı uruqvaylı mərkəz yarımmüdafiəçisinin transfer dəyərini 120 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Chosen
49
6
arena.az

10Sources