AZ

Antuan Semenyo – Premyer Liqada fevralın ən yaxşısı! – ARENA.AZ

“Mançester Siti”nin cinah hücumçusu Antuan Semenyo İngiltərə Premyer Liqasında fevral ayının ən yaxşı oyunçusu seçilib.

Arena.az bu barədə İngiltərə Premyer Liqasının rəsmi saytına istinadən məlumat verir.

26 yaşlı futbolçu ötən ay İngiltərə çempionatında 5 oyuna çıxıb. O, bu matçlarda 3 qol vurub, 1 məhsuldar ötürmə verib.

Mükafata Semenyonun komanda yoldaşı Niko ORayli, həmçinin Benyamin Şeşko (“Mançester Yunayted”), Viktor Dyökereş (“Arsenal”), Danqo Uattara (“Brentford”) və Vircil van Deyk (“Liverpul”) də namizəd idilər.

Semenyo karyerasında ilk dəfə Premyer Liqada ayın ən yaxşı oyunçusu mükafatını qazanıb.

Xatırladaq ki, Premyer Liqada cari mövsümün ilk mükafatçısı Cek Qriliş olub. Hazırda “Everton”da çıxış edən futbolçu avqustun ən yaxşısı elan edilmişdi. Sentyabrda “Mançester Siti”nin hücumçusu Erlinq Haland, oktyabrda “Mançester Yunayted”in forvardı Brayan Mbömo, dekabrda “Lids”də çıxış edən Dominik Kalvert-Lyuin, yanvarda isə İqor Tyaqo (“Brentford”) bu ada layiq görülmüşdü.

Qana millisinin də üzvü olan Antuan Semenyo “Mançester Siti”yə bu ilin qışında “Bornmut”dan 72 milyon avro müqavilində keçib. Onun Mançester klubu ilə 2031-ci ilin 30 iyununadək müqaviləsi var.

Semenyo “şəhərlilər”in heyətində 14 oyuna çıxıb, 7 qol və 2 məhsuldar ötürmə müəllifi olub.

Xatırladaq ki, Antuan Semenyo İngiltərədə dünyaya göz açıb. O, peşəkar karyerasına yetirməsi olduğu “Bristol Siti”də başlayıb. Semenyo “Bat Siti”, “Nyuport Kaunti” və “Sanderlend” klublarında icarədə də oynayıb. “Bornmut” onu 2023-cü ilin yanvarında 10,25 milyon avro müqabilində heyətinə qatmışdı.

Semenyo 2022-ci ilin iyun ayında Qana milli komandasında debüt matçına çıxıb. İndiyə qədər yığmada 32 matç keçirmiş futbolçu 3 qol vurub, 1 assist müəllifi olub.

“Transfermarkt” internet-portalı 26 yaşlı vingerin transfer dəyərini 75 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
2
2
arena.az

10Mənbələr