UEFA Avropa Konfrans Liqasında Liqa mərhələsinin sonuncu – 6-cı turunun görüşlərindən sonra reytinq siyahısını yenilənib.
Arena.az xəbər verir ki, ötən gecə keçirilmiş oyunların nəticələri Azərbaycanın UEFA reytinqindəki mövqeyinə təsirsiz ötüşməyib.
Belə ki, yeni reytinq cədvəlində Azərbaycan 26-cı yerdən 28-ci yerə düşüb. Hazırda ölkəmizin əmsalı 22,250-dir.
Slovakiya Azərbaycandan bir pillə yuxarıdadır (22,375). Bolqarıstan isə 29-cu pillədə (19.875) qərarlaşıb.
Xatırladaq ki, Azərbaycan Avropa mövsümünə 17,125 xalla başlayıb. Hazırda ölkəni yalnız bir klub – “Qarabağ” Avropa yarışlarında təmsil edir. Azərbaycan çempionu UEFA Çempionlar Liqasının Liqa mərhələsində mübarizə aparır. Ağdam klubunun Liqa mərhələsindəki son iki oyunu 2026-cı ildə baş tutacaq.
Azərbaycan cari mövsümdə 5,125 reytinq əmsalı əldə edib. Son beş mövsümdəki ən yaxşı göstəricimiz isə 5,875 əmsaldır. Bu, 2023/2024-cü illər mövsümündə qazanılıb. “Qarabağ”ın cari mövsümdə ÇL-in Liqa mərhələsində ən azı daha 2 oyun keçirəcəyini nəzərə alsaq, yeni rekordun reallaşması da istisna deyil.
Xatırladaq ki, 55 ölkənin yer aldığı reytinq cədvəlinə hazırda İngiltərə başçılıq edir – 104,325. İtaliya (92,196) ikinci, İspaniya (86,171) üçüncü, Almaniya (83,402) dördüncü, Fransa (75,891) beşincidir.
