Futbol üzrə Azərbaycan milli komandasının üzvləri – Vüsal İsgəndərli və Zamiq Əliyev Albaniya çempionatında növbəti matçlarına çıxıblar.
Arena.az xəbər verir ki, Vüsalın formasını geyindiyi “Partizani” səfərdə məhz Zamiqin çıxış etdiyi “Eqnatiya” ilə üz-üzə gəlib.
17-ci tur çərçivəsində keçirilmiş qarşılaşmada qapılara 3 qol vurulub və yekunda “Eqnatiya” 2:1 hesablı qələbəyə sevinib. Azərbaycanlı futbolçuların hər ikisi bu görüşün iştirakçısı olub. Vüsal start heyətdə meydana çıxıb, 68-ci dəqiqədə əvəzlənib. Zamiq isə 90-cı dəqiqədə meydana buraxılıb.
Bu nəticədən sonra “Eqnatiya” 34 xalla birinci pillədə qərarlaşıb. Zamiqin komandası keçirdiyi 17 oyunda 10 qələbə qazanıb, 4 heç-heçə edib, 3 məğlubiyyətə üzülüb. “Partizani” isə 23 xalla 6-cıdır. Vüsalın komandası 17 oyunda 6 qələbə, 5 heç-heçə və 6 məğlubiyyət görüb.
Xatırladaq ki, Zamiq Əliyev Albaniya klubuna 2024-cü ilin yayında “Araz-Naxçıvan”dan azad agent kimi keçib. Müdafiəçi “Eqnatiya” ilə 3 illik müqaviləyə imza atıb. O, indiyə qədər bu komandanın heyətində 55 oyuna çıxıb, 1 qola imza atıb. Əliyev “Eqnatiya” ilə ötən mövsüm Albaniya çempionu olub.
Əliyev daha öncə “Qarabağ”da və “Kəpəz”də də oynayıb. Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında forma geyinmiş müdafiəçi 2024-cü ilin noyabr ayında əsas millimizdə də debüt edib və hələlik 2 oyun keçirib.
Vüsal İsgəndərli isə “Partizani”yə 2025-ci ilin yayında Türkiyənin “Boluspor” komandasından azad agent kimi keçib. Hücumçu “Partizani” ilə 1+1 illik müqaviləyə imza atıb. O, indiyə qədər bu komandanın heyətində 16 oyuna çıxıb, 3 qola imza atıb.
Vüsal daha öncə “Şamaxı”, “Zirə”, “Sumqayıt”, “Ankara Keçiörengücü”, “Eqnatiya”, “Boluspor” və “Simurq”da da forma geyinib. 2019-cu ilin noyabrında Azərbaycan millisində debüt etmiş 29 yaşlı hücumçu meydana çıxdığı 5 oyunda fərqlənə bilməyib.
