Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə Azərbaycana göstərilən yüksək siyasi dəstək regionda yeni və daha genişmiqyaslı əməkdaşlıq mərhələsinin başlandığını təsdiqləyir. Liderlərin çıxışları Azərbaycanın həm geosiyasi mövqeyi, həm də iqtisadi-logistika imkanları baxımından formata ciddi dəyər qatdığını göstərir. Bu qoşulma Mərkəzi Asiya ilə Azərbaycan arasında strateji körpünü möhkəmləndirərək nəqliyyat, logistika və enerji sahələrində inteqrasiyanı yeni səviyyəyə çıxarır. Prezident İlham Əliyevin Orta Dəhlizin artan həcmləri ilə bağlı açıqladığı rəqəmlər Azərbaycanın tranzit imkanlarının sürətlə genişləndiyini təsdiqləyir. Paralel olaraq, region dövlətləri arasında gömrük və rəqəmsal proseslərin uyğunlaşdırılması həm iqtisadi dövriyyəni artıracaq, həm də dəhlizin qlobal rəqabət qabiliyyətini yüksəldəcək. Azərbaycanın formatda iştirakı həm Mərkəzi Asiyanın, həm də Cənubi Qafqazın beynəlxalq ticarət xəritəsində strateji rolunu gücləndirir. Bu birlik regional sabitlik, qarşılıqlı etimad və iqtisadi dayanıqlılıq üçün möhkəm təməl yaradır. Nəticədə Məşvərət Görüşü regional səviyyəni aşaraq qlobal proseslərə təsir edən real əməkdaşlıq platformasına çevrilir. Azərbaycan rəsmi şəkildə formatın tamhüquqlu iştirakçısına çevrilməklə regionun strateji xəritəsini genişləndirdi və Mərkəzi Asiya ilə ölkəmiz arasında yeni geosiyasi əlaqəlilik yarandı. Bu qərar, əslində, son illər ərzində formalaşan qarşılıqlı yaxınlaşmanın əyani təsdiqi kimi çıxış edir. Azərbaycan formata daxil olmaqla yeni regional arxitekturanın mərkəzinə çevrilmiş olur. Bu isə ölkəmizin iqtisadi potensialı, balanslaşdırılmış xarici siyasi kursi və illər ərzində formalaşdırdığı diplomatik gedişlərin nəticəsi kimi dəyərləndirilməlidir.
Ekspertlərin qənaətinə görə, Daşkənddə qəbul olunan qərar yaxın illər üçün üç əsas istiqaməti müəyyənləşdirir. Mərkəzi Asiya və Azərbaycan arasında vahid iqtisadi zona elementləri formalaşa bilər, qarşılıqlı investisiya axınları, rəqəmsal inteqrasiya, uyğunlaşdırılmış logistika siyasəti regionu daha rəqabətqabiliyyətli edəcək. Avrasiyanın əsas nəqliyyat-enerji arteriyası məhz bu məkan üzərində formalaşır. Orta Dəhliz artıq regional deyil, qlobal əhəmiyyətli layihəyə çevrilir və Bakı-Aktau-Türkmənbaşı xətti gələcək dünya ticarətinin mühüm hissəsini daşıya bilər. Orta Dəhlizin inkişafı isə ölkələrimiz üçün strateji əhəmiyyətə malikdir. Nəqliyyat və logistika infrastrukturunun müasirləşdirilməsi, gömrük prosedurlarının sinxronlaşdırılması və rəqəmsallaşdırılması üzrə birgə səylər yükdaşımaların həcminin artırılması, iqtisadi dayanıqlılığın gücləndirilməsi və beynəlxalq bazarlarda əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanlar açır.
Alim
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31