EN

Əşrəf Hakimi Afrikanın ən yaxşı oyunçusu seçildi! – ARENA.AZ

Fransa çempionu PSJ-nin və Mərakeş yığmasının sağ cinah müdafiəçisi Əşrəf Hakimi 2025-ci ildə Afrikada ən yaxşı oyunçu seçilib.

Arena.az xəbər verir ki, bu barədə Afrika Futbol Konfederasiyası (CAF) məlumat yayıb.

İlin ən yaxşısı adına Hakimi layiq görülüb. Mərakeşli cinah müdafiəçisi ötən mövsüm PSJ ilə UEFA Çempionlar Liqasını qazanıb, Fransa Liqa 1-inin, Fransa Kubokunun və Fransa Super Kubokunun qalibi olub. O, bütün yarışlarda 55 oyun keçirib, 11 qol vurub və 14 məhsuldar ötürmə verib.

27 yaşlı cinah müdafiəçisi ən yaxşı oyunçusu seçilməsini şərh edib:

“Məni həmişə dəstəklədiyi müqabilində Mərakeş xalqına təşəkkür edirəm. Ümidvaram, müvafiq məqam ölkəmizdəki və bütün qitədəki hər bir uşağı, öz arzılarına inanmağa və onlar uğrunda mübarizə aparmağa ruhlandıracaq”, deyə Hakimi vurğulayıb.

Qeyd edək ki, Əşrəf Hakimi Madrid “Real”ının yetirməsidir. O, vaxtilə Dortmund “Borussiya”sında da icarədə olub. “Real” Əşrəfi 2020-ci ildə Milan “İnter”inə 43 milyon avroya satıb. PSJ də mərakeşli futbolçunu 2021-ci ilin yayında 68 milyon avro müqabilində “İnter”dən transfer edib. Onun Paris klubu ilə 2029-cu ilin 30 iyununadək müqaviləsi var.

Hakimi cari mövsümdə PSJ-nin heyətində 14 oyuna çıxıb, 2 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub. Müdafiəçinin PSJ karyerası bütövlükdə 189 oyun, 27 qol və 38 məhsuldar ötürmədən ibarətdir.

Əşrəf 2016-cı ilin oktyabr ayında debüt etdiyi Mərakeş yığmasının heyətində 88 oyun keçirib, 11 qol vurub, 15 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 27 yaşlı müdafiəçinin transfer dəyərini 80 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri istədiklərinizlə paylaşın
Chosen
14
49
arena.az

10Sources