Qadınlardan ibarət voleybol üzrə Azərbaycan millisi Səudiyyə Ərəbistanında keçirilən 6-cı İslam Həmrəyliyi Oyunlarında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, Faiq Qarayevin baş məşqçisi olduğu yığmamız Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Türkiyə seçməsi ilə üz-üzə gəlib.
Şahzadə Feysəl ibn Fərhad Olimpiya Kompleksində gerçəkləşmiş qarşılaşma Azərbaycan komandasının məğlubiyyəti ilə bitib – 0:3. İlk setdə 12:25 hesabı ilə uduzmuş millimiz sonrakı hissələrdə də rəqibinin müqavimətini qıra bilməyib və quru hesabla məğlub olub.
Xatırladaq ki, Azərbaycan millisi yarışdakı ilk oyununda İran yığmasını üstələmişdi – 3:0 (25:11, 25:16, 26:24). İkinci turda isə komandamız Takicistan yığmasına qalib gəlmişdi – 3:0 (25:5, 25:11, 25:9).
Voleybol millimiz İslamiadada növbəti oyununu Əfqanıstan yığmasına qarşı keçirəcək. Sözügedən qarşılaşma noyabrın 12-də baş tutacaq.
İslamiada noyabrın 21-də başa çatacaq.
İslam Həmrəyliyi Oyunları
9 noyabr
Azərbaycan – Türkiyə 0:3 (12:25, 8:25, 10:25)

