EN

UNEC-də Zəfər Gününə həsr olunmuş tədbir keçirilib - FOTOLAR

UNEC-də Vətən müharibəsində ölkəmizin əldə etdiyi tarixi Zəfərin 5 illiyi münasibətilə təntənəli tədbir təşkil olunub.

"Unikal" xəbər verir ki, Zəfər tədbirində UNEC kollektivi ilə yanaşı, Vətən müharibəsi iştirakçıları, şəhid ailələri, qazilər və digər qonaqlar iştirak ediblər. Rəsmi hissəyə keçməzdən öncə tədbir iştirakçıları UNEC-in şəhid olmuş tələbə və məzunlarının xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət edərək, önünə gül dəstələri düzüblər, qəhrəman Vətən övladlarının əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Tədbirin açılışında UNEC rektoru, professor Ədalət Muradov çıxış edərək, 44 günlük Vətən müharibəsində qazanılmış şanlı qələbənin Azərbaycan tarixinin ən parlaq və şərəfli səhifələrindən biri olduğunu vurğulayıb. Rektor qeyd edib ki, şanlı Zəfərlə Azərbaycan təkcə torpaqlarını azad etmədi, həm də milli qürurunu, xalqımızın sarsılmaz iradəsini və əzmini bütün dünyaya nümayiş etdirdi. Ədalət Muradov bu tarixi qələbənin mənəvi müəllifi və memarının Ümummilli Lider Heydər Əliyev olduğunu bildirib: “Onun uzaqgörən siyasətinin təməlində duran milli ideologiya, dövlətçilik fəlsəfəsi və güclü ordu quruculuğu Azərbaycanın Zəfər yolunu möhkəm əsaslar üzərində qurdu. Biz Ulu Öndərin müqəddəs amalını həyata keçirən qürurlu xalqıq”, – deyə rektor qeyd edib. Rektor vurğulayıb ki, Ulu Öndərin siyasi kursunu uğurla və yüksək məsuliyyətlə davam etdirən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqımızın və dövlətimizin taleyində əvəzolunmaz rol oynayır.

Onun “Qarabağ Azərbaycandır!” çağırışı yalnız bir mesaj deyil, bir millətin ruhunu oyadan, əsrlərin həsrətini ümidə çevirən inamın səsi idi. Bu qələbənin qiymətinin şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı olduğunu deyən rektor, onları Vətənin əbədi qəhrəmanları, mübarizliyimizin rəmzləri adlandırıb. O, Zəfərdən ötən 5 il ərzində Azərbaycanın bütövlük, yenilənmə və yüksəliş mərhələsinə qədəm qoyduğunu qeyd edib: “Bu gün azad edilmiş torpaqlarımızda təkcə müharibənin deyil, sülhün və böyük quruculuğun qələbəsi yaşanır. Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı yenidənqurma isə Azərbaycanın qürur xəritəsidir”,- deyə rektor bildirib. Sonra Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin general-leytenantı, DSX-nin Mərkəzi Aparatının rəhbəri, Vətən Müharibəsi Qəhrəmanı Babək Qurbanov çıxış edərək, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Silahlı Qüvvələrimizin qəhrəmanlığı və xalqımızın sarsılmaz həmrəyliyi sayəsində əldə etdiyimiz qələbədən danışıb.

O, Vətən müharibəsində Dövlət Sərhəd Xidmətinin qarşıya qoyulan bütün döyüş tapşırıqlarını uğurla icra etdiyini və sərhədçilərimizin torpaqlarımızın azad olunması uğrunda əsl qəhrəmanlıq nümunəsi göstərdiklərini deyib. Vətən müharibəsində şəhid olmuş UNEC məzunu Vidadi Zalovun atası Nizami Zalov tədbirdə çıxış edərək şəhidlərin və qazilərimizin qəhrəmanlığı sayəsində Azərbaycanın 30 illik torpaq həsrətinə son qoyulduğunu bildirib. O, qalib dövlətin qalib vətəndaşı olmaqdan böyük qürur duyduğunu ifadə edib. UNEC-in Qiyabi və əlavə təhsil mərkəzinin IV kurs tələbəsi, Vətən müharibəsi qazisi Rəşad İmranov isə şanlı Zəfər yolundan və həmin günlərin unudulmaz qəhrəmanlıq səhifələrindən söz açıb. O, həmin günlərin ruh yüksəkliyinin bu gün də xalqımıza güc və qürur verdiyini, gənc nəsil üçün bu qəhrəmanlıq tarixinin hər zaman örnək olacağını vurğulayıb. Rəsmi hissədən sonra UNEC Yaradıcılıq Mərkəzinin üzvləri “Qələbəyə aparan yol” adlı bədii kompozisiya ilə çıxış ediblər. Tədbir Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Heydər Əliyev adına Hərbi İnstitutunun orkestrinin rəhbəri, hərbi dirijor, kapitan Müşfiq Sultanovun müşayiəti ilə təqdim olunan təntənəli konsert proqramı ilə davam edib.

Chosen
27
50
unikal.az

10Sources