EN

Qazaxda "Zəfər Günü" qeyd edildi - FOTOLAR

Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da 8 Noyabr – Zəfər Gününün beşinci ildönümü silsilə tədbirlərlə qeyd edilib.

"Unikal" xəbər verir ki, noyabrın 7-də Qazax Rayon İcra Hakimiyyətinin və Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin Qazax rayonu üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş “Zəfərin mübarək Azərbaycan!” başlıqlı bayram tədbiri keçirilib.

Qazax şəhərinin mərkəzində Ulu Öndər Heydər Əliyevin adını daşıyan parkda keçirilən bayram tədbirində Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev, icra aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ziyalılar, təhsil, səhiyyə və mədəniyyət işçiləri, şəhid ailələri, qazilər, müharibə veteranları, gənclər, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra Ümummilli Lider Heydər Əliyevin, respublikamızın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. 

Tədbirin aparıcıları Oruc Mansurov və Zəmanə Dərviş bayramı tədbirini açıq elan edərək iştirakçıları salamlayıb, Azərbaycanın hərb tarixində xalqımızın ən parlaq və qürurverici səhifələrindən biri olan 8 Noyabr – Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş tədbirin əhəmiyyətindən söz açıblar. Qeyd olunub ki, bu şanlı tarix təkcə hərbi qələbə deyil, həm də milli birliyin, strateji uzaqgörənliyin və dövlət idarəçiliyinin təntənəli qələbəsidir. Vurğulanıb ki, 2020-ci ilin 27 sentyabrında başlayan və cəmi 44 gün davam edən Vətən müharibəsi Azərbaycan dövlətinin siyasi iradəsini, diplomatik çevikliyini, iqtisadi gücünü və milli ideoloji dayaqlarını möhkəmləndirərək, Cənubi Qafqazda tamamilə yeni geosiyasi düzənin əsasını qoydu.

Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev bayram tədbirində giriş sözü ilə çıxış edərək Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun adından iştirakçıları, şəhid ailələrini, qaziləri salamlayıb, 8 Noyabr - Zəfər Gününün beşinci ildönümü münasibətilə təbrik edib, ən xoş arzularını çatdırıb. Müzəffər Ali Baş Komandan İlham Əliyev başda olmaqla, Azərbaycan xalqını, doğma qazaxlıları şanlı Zəfərimizin beşinci ildönümü münasibətilə təbrik edərək səmimi ürək sözlərini bölüşüb. Birinci müavin M.Alıyev xalqımızın 44 günlük haqq savaşında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq tək birləşdiyini, ölkə başçısının rəhbərliyi ilə Azərbaycan Ordusunun 30 ilə yaxın işğal altında qalmış torpaqlarımızı azad etməklə, ədaləti və beynəlxalq hüququ bərpa etdiyini bildirib. Bu qələbənin təkcə Qarabağ torpaqlarının deyil, bütün regionun gələcək inkişafının, sabitliyin və əməkdaşlığın əsasını təşkil etdiyini söyləyib. Azərbaycanın Vətən müharibəsində qazandığı Zəfərlə uzun illər davam edən Ermənistan–Azərbaycan münaqişəsinə son qoyulduğunu vurğulayıb.

Sonra bayram tədbiri bir-birindən rəngarəng hərbi-vətənpərvərlik mahnıları ilə davam etdirilib. Gənc müğənnilər Ramal Balacanov “Ey Vətən”, Nicat Zeynallı “Zəfərin mübarək, Azərbaycan”, Vüsal Osmanlı “Popuri”, Gülnar Mədətova “Ceyranım”, Gültəkin Hüseynova “Azərbaycan”, Əmir Qazaxlı “Qazaxlıyam”, “Türk olasan”, gənc aşıq Samir Allahverdiyev “Türkəm mən”, “Zəfər ritm qrupu”nun Bədii rəhbəri Vahid Bayramov, konsertmeyster Cəfər Qurbanov “Şur fantaziya”, Qazax şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbinin “Odlar Yurdu” vokal qrupu “Zəfər” kompozisiyası, Qazax şəhər 1 və 2 nömrəli Uşaq Musiqi Məktəblərinin müəllimlərindən ibarət Aşıqlar qrupu “Bəhri divani”, “By Hoca” qrupunun Bədii rəhbəri Vahid Bayramov və üzvlərdən Aylin Məmmədova “Avropa” mahnıları ilə tədbirə toplaşanlara xoş ovqat bəxş ediblər.

Chosen
29
50
unikal.az

10Sources