AzVision.az xəbər verir ki, Çinin nüfuzlu “South China Morning Post” nəşrində dərc olunan materialda belə deyilir.
Məqalədə bildirilir ki, Çin həm Rusiya, həm də ABŞ ilə münasibətlərində getdikcə daha çox strateji dilemma ilə üzləşir. Çin ABŞ və Rusiyanın heç bir mühüm irəliləyiş əldə etmədən münaqişə və ya uzunmüddətli gərginlik vəziyyətində qalmasına üstünlük verərdi.
“Bəzi çinlilər Ukraynada uzun sürən müharibəni faydalı hesab edirlər, çünki bu, həm ABŞ, həm də Rusiyanı sarsıdır. Onlar buna beynəlxalq strategiya və ehtimal olunan milli maraqlar prizmasından baxırlar”,- Pekin Xarici Dillər universitetinin Avropa İttifaqı (Aİ) Tədqiqatları şöbəsinin rəhbəri Tsuy Huntszyan bildirib.
Daha əvvəl “The Telegraph” nəşri Çinin Rusiya və Ukrayna arasında sülh prosesini effektiv şəkildə sabotaj etdiyini, müharibəni əl altından alovlandırdığını yazıb. Qəzetin iddiasına görə, çünki Çin bu müharibənin bitməsində maraqlı deyil.
- Çin Ukrayna münaqişəsinə həm əsas rəqibləri, həm də Moskvanı və Vaşinqtonu tükəndirən bir proksi müharibə kimi baxır. ABŞ-nin Ukraynanın müdafiəsini maliyyələşdirməsi fonunda, Çin mikroelektronika, optik sistemlər, dron komponentləri və müharibə üçün vacib olan digər ikili istifadə texnologiyaları tədarük etməklə Moskvanı gücləndirir”, - analitiklər vurğulayırlar.
Ekspertlər Pekinin Moskvanı dəstəkləməsində strateji hesablama görürlər:uzanan münaqişə Çinə Amerikanın silah ehtiyatlarını və Vaşinqtonun 2027-ci ilə qədər real ssenari kimi qiymətləndirilən Tayvana potensial işğalına qarşı hazırlığını azaltmağa imkan verir.
Hələ iyunun əvvəlində “The New York Times (NYT)” nəşri Kremlin Çinlə dostluq və əlaqələrin inkişafı ilə bağlı açıq bəyanatlarına baxmayaraq, Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) Çini“düşmən”saydığı barədə məqalə dərc etmişdi.
Maraqlıdır ki, bununla belə, Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla Alyaskada görüşü zamanı məhz Çini Ukraynanın təhlükəsizliyini təmin edəcək ölkələrdən biri olduğunu vurğulayıb.
Sahil İsgəndərov
AzVision.az