"İki pələng dərədə döyüşərkən, müdrik meymun dağda oturub baxar..."
Ukraynada sülh prosesinin bərpası üçün Donald Tramp administrasiyası fəallığını artırdığı bir vaxtda, Çin sakitcə bu təşəbbüsə əngəl olur.
Moderator.az xəbər verir ki, bu barədə "The Telegraph" nəşti yazıb.
Pentaqonun hərbi kəşfiyyatında çalışmış analitik Rebekka Kofflerin nəşr üçün yazdığı məqalədə deyilir ki, Çin lideri Si Tszinpin bu müharibənin davam etməsində dərin maraq göstərir. O, Ukraynada baş verənləri ABŞ və Rusiya arasında dolayı qarşıdurma kimi görür və bu vəziyyətdən maksimum faydalanmağa çalışır.
Dolayı müharibə - iki rəqibin tükənməsi
Çin bu müharibəni Moskva və Vaşinqtonun resurslarını tükəndirən dolayı münaqişə kimi qiymətləndirir. ABŞ milyardlarla dollar və silah-sursatla Ukraynanın müdafiəsini təmin edir. Eyni zamanda, Çin Moskvanı arxa planda dəstəkləyir: mikroelektronika, optik sistemlər, dron hissələri və döyüş üçün həyati əhəmiyyət kəsb edən digər texnologiyalar göndərilir.
Çin və Rusiyanın "Almaz-Antey" şirkəti ilə birlikdə Çində gizli zərbə dronları zavodu qurduğu haqda kəşfiyyat məlumatları var. Pekin eyni zamanda neytral mövqe nümayiş etdirərək, özünü sülhə çağırış edən tərəf kimi göstərir. Halbuki əməldə Moskvanı uzunmüddətli müharibəyə hazırlayır.
Sanksiyaları yararaq enerji alveri
Rusiya ilə iqtisadi əlaqələr də Pekinin gizli dəstəyinin bir hissəsidir. Çin hər il "kölgə donanması" vasitəsilə, yəni beynəlxalq sanksiyaları tez-tez pozaraq milyonlarla barrel Rusiya neftini və qazını idxal edir. ABŞ prezidenti Tramp Hindistana qarşı Rusiya neftinə görə 25 faizlik tarif tətbiq etsə də, Çin bu addımı rədd edib və hətta ABŞ maliyyə naziri tərəfindən 100 faizlik tariflə hədələnməsinə baxmayaraq, heç bir güzəştə getməyib.
Tayvan öncəsi zəiflətdici mərhələ
Ekspertlər hesab edir ki, Çin üçün bu münaqişənin davam etməsi ABŞ-ın hərbi gücünü və silah ehtiyatlarını zəiflətmək imkanı yaradır. Bu da Pekinin mümkün Tayvan hücumu öncəsi ABŞ-ı zəiflətmək strategiyasının bir hissəsidir. Belə bir ssenari 2027-ci ilə qədər reallaşa bilər. Koffler Si Tszinpin taktikasını Çin atalar sözləri ilə belə təsvir edir: "İki pələng dərədə döyüşərkən, müdrik meymun dağda oturub baxar". Yəni Çin gözləyir, tələsmir, lakin nəticəyə yönəlmiş planla hərəkət edir.
Trampın təşəbbüsü risk altındadır
Trampın təyin etdiyi xüsusi nümayəndə Stiv Uitkoffun Kreml ilə apardığı danışıqlar Çin üçün təhlükəli bir sülh siqnalı ola bilərdi. Lakin nə Pekin, nə də Moskva hazırda münaqişənin bitməsində maraqlı görünür. Əksinə, bu iki ölkə Yapon dənizində yeni hərbi dəniz təlimləri keçirərək həmrəy olduqlarını nümayiş etdirir.
Çin-Rusiya yaxınlaşması artır
Çin sülh üçün Rusiyaya təzyiq göstərmək əvəzinə, əməkdaşlığını dərinləşdirir. "Birləşmiş Dəniz 2025" adlı birgə təlimlərdə iki ölkənin donanması sualtı qayıqların xilasına dair manevrlər həyata keçirib, ardınca isə Sakit okeanda birgə patrul xidmətinə başlayıb.
Çin dövlət mediası hətta yeni tip 094 sinifli nüvə sualtı qayığının uzaq patrula çıxdığını təsdiqləyən nadir kadrlar da yayımlayıb. Bu isə Pekinin öz gücünü artırmağa davam etdiyini və regionda gərginliyi artıracaq addımlara hazır olduğunu göstərir.
Beləliklə, Çin Ukrayna müharibəsində kənarda deyil - o, səssiz və planlı şəkildə iştirak edir. Sülh çağırışlarına baxmayaraq, Pekin öz maraqlarına uyğun olaraq münaqişəni uzatmağa çalışır. Trampın təşəbbüsü bu geosiyasi oyunun arasında sıxılıb qalır.