EN

Canluici Donnarumma PSJ-dən ayrıldığını açıqlayıb

PSJ-nin qapıçısı Canluici Donnarumma azarkeşlərə müraciət edərək klubdan ayrılacağını təsdiqləyib.

90deqiqe.Az xəbər verir ki, italyan qolkiper bu barədə şəxsi sosial şəbəkə hesabında qeyd edib.

“Xüsusi Paris azarkeşlərinə. Gələndən bəri meydanda və meydandan kənarda əlimdən gələni etmişəm ki, öz yerimi qazanam və ‘Paris Sen-Jermen’in qapısını qoruyum. Təəssüf ki, bəzi şəxslər mənim artıq kollektivin bir hissəsi ola bilməyəcəyimə və uğura töhfə verə bilməyəcəyimə qərar veriblər. Bu məni çox məyus etdi.

Ümid edirəm ki, bir gün ‘Park de Prens’də azarkeşlərin gözlərinə baxıb onlara layiq olduqları kimi vida edə biləcəyəm. Əgər bu baş verməsə, bilin ki, sizin dəstəyiniz və bağlılığınız mənim üçün çox önəmlidir və heç vaxt unutmayacağam. Sizlərlə, bu möhtəşəm anlarla və şəhərlə bağlı yaddaşım həmişə ürəyimdə qalacaq.

Komanda yoldaşlarıma – ikinci ailəmə – hər bir döyüş, gülüş və paylaşdığımız an üçün təşəkkür edirəm. Siz həmişə qardaşlarım olaraq qalacaqsınız.

Bu klubda oynamaq və bu şəhərdə yaşamaq böyük şərəf idi. Sağ olun, Paris!”

26 yaşlı qapıçı 2021-ci ilin iyulundan etibarən “PSJ”də çıxış edib. O, klubun heyətində 161 oyuna çıxıb və 56 dəfə qapısını toxunulmaz saxlayıb. Donnarumma Paris klubunda 10 kubok qazanıb: 4 dəfə Fransa çempionu, 2 dəfə ölkə kubokunun sahibi, 3 dəfə Superkubok qalibi və bir dəfə UEFA Çempionlar Liqası qalibi olub.

Chosen
54
3
90deqiqe.az

9Sources