Azərbaycan Silahlı Qüvvələrinin mayoru olan Emin Süleymanov 21 iyul 1977-ci ildə İmişli rayonunun Xubyarlı kəndində anadan olub.
QHT.az xəbər verir ki, o, 1999-cu ildə ali hərbi məktəbdən məzun olduqdan sonra Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissədə "leytenant" rütbəsində hərbi vəzifəsinə başlayıb. Emin Süleymanov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində Murovdağın, Füzulinin, Xocavəndin, Şuşanın və Laçının azad olunması uğrunda gedən döyüşlərdə artilleriyaçı olaraq iştirak edib və 9 noyabr 2020-ci ildə Laçın dəhlizi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhid olub. İgid döyüşçü 13 noyabr tarixində anadan olduğu rayonun Xubyarlı kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Emin Süleymanov ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "İgidliyə görə", "Xocavəndin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Ruhu şad olsun!