Azərbaycan Silahlı Qüvvələrinin mayoru olan Fərid Ələkbərov 1980-ci il iyulun 18-də Bakı şəhərində anadan olub.
QHT.az xəbər verir ki, o, 1996-cı ildə İstanbul Kuleli Hərbi Liseyinə daxil olub və 2000-ci ildə təhsilini bitirib. Həmin ildə Ankaradakı Quru Qoşunları Hərbi Məktəbinə daxil olan Fərid 2004-cü ildə həmin məktəbdə təhsilini başa vurub. Bununla da kifayətlənməyən Fərid İsparta şəhərindəki Dağ Komando Məktəbinə daxil olub və buranı da müvəffəqiyyətlə bitirib. O, 2005-ci ildə Polatlı Topçu Məktəbini fərqlənmə diplomu ilə başa vurub. O, 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Murovdağın, Cəbrayılın, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və 9 noyabr tarixində Şuşa istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.
Fərid Ələkbərov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Şuşanın azad olunmasına görə" medalları və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.
Ruhu şad olsun!