"Mançester Yunayted" yay transfer pəncərəsində hücum xəttini gücləndirmək istiqamətində çalışmalarını davam etdirir.
90deqiqe.Az-ın "Foot Mercato"ya istinadən yaydığı xəbərə görə, "qırmızı şeytanlar" hazırda PSJ-nin hücumçusu Randal Kolo-Muaninin transferi uğrunda aparılan mübarizəyə daxil olub.
26 yaşlı futbolçunu heyətində görmək istəyən digər Premyer Liqa klubu isə Çempionlar Liqasında çıxış etməyə hazırlaşan "Nyukasl"dır. Eyni zamanda, Kolo-Muani ilə İtaliyanın nəhəng klubu "Yuventus" da maraqlanır.
Forvard ötən mövsümün ikinci yarısını "Yuventus"da icarə əsasında keçirmiş və 22 oyunda 10 qol vurub. Turin təmsilçisi fransız hücumçu ilə əməkdaşlığı davam etdirmək niyyətindədir.
Transfermarkt portalı Randal Kolo-Muaninin bazar dəyərini 30 milyon avro olaraq göstərir.