Ötən gün ABŞ Prezidenti Donald Tramp dünya bazarlarında neftin qiymətinin aşağı salınmasına çalışdıqlarını bəyan edib. Ağ Ev rəhbəri bildirib ki, neftin hazırkı qiyməti qənaətbəxşdir və bu, hətta müharibələrin qarşısının alınmasına kömək edə bilər. Bu açıqlama neftdən asılı iqtisadiyyata malik olan ölkələr, o cümlədən Azərbaycan üçün ciddi əhəmiyyət kəsb edir.
ABŞ-ın neft qiymətlərini aşağı salmaq strategiyası Azərbaycan neftinə nə vəd edir?
Globalinfo.az-a danışan iqtisadçı Elçin Rəşidov deyib ki, ABŞ-ın neft qiymətlərini aşağı salma strategiyası iqtisadiyyatımız üçün risklər və çətinliklər yaradır:
“Çünki Azərbaycan neft ixrac edən ölkədir. Qiymətlərinin düşməsi neft gəlirlərini birbaşa azaldacaq. Təəssüf ki, neft ölkə iqtisadiyyatının əsas maliyyə mənbəyidir. Bu gəlirlər Dövlət Neft Fondunda toplanır. Neftin qiymətinin azalması nəticəsində, toplanacaq vəsaitlərin həcmi də azalacaq. Hazırda Fondun gəlirləri keçən ildən etibarən, büdcəyə olan transferlərdən aşağı düşüb. Bu o deməkdir ki, Neft Fondu tədricən azalmağa başlayır və gələcək nəsillərin sərvəti təhlükə altına girir. Neft qiymətləri aşağı düşdükcə bu sərvətin tükənməsi daha da sürətlənəcək. Eyni zamanda, qiymətin azalması vergilər vasitəsilə büdcəyə də mənfi təsir göstərir və nəticədə büdcə kəsirini artırır”.
İqtisadçı qeyd edib ki, neftin qiymətinin uzunmüddətli aşağı düşməsi dövlətin transferlərinin dollarla miqdarını azaltmaq təhlükəsi yarada bilər:
“Bu halda, manatla əvvəlki miqdarı saxlamaq məqsədilə yenidən devalvasiya edilməsinə ehtiyac yaranar. Belə bir vəziyyətdə, Mərkəzi Bank üzən məzənnəyə keçid etməli idi. Bu addım, həm də qeyri-neft sektorunun dirçəlməsinin dayanıqlı şəkildə formalaşmasını təmin edə bilərdi. Lakin təəssüf ki, bu proses hələlik gerçəkləşmir. Neft qiymətlərinin Trampın təşəbbüsü ilə və ya digər səbəblərdən aşağı düşməsi Azərbaycanda qısamüddətli dövrdə qeyd etdiyim iqtisadi riskləri yaradır. Bu vəziyyət uzunmüddətli dövrdə isə məcburiyyət qarşısında islahatlara başlamağa səbəb ola bilər”.
Topics