Sosial şəbəkə istifadəçisi Qurban Hüseynov “Ucard” kredit və debit kartları arasında aparılan ödənişə görə komissiya tutulmasına etiraz edib.
AzPost xəbər verir ki, onun sözlərinə görə, eyni bankın kartları arasında borc ödəyərkən əlavə faiz tutulması başadüşülən deyil.
Müştəri bildirib ki, bank aparatı vasitəsilə “Ucard Kredit kartı ödənişi” seçimini etsə də, vəsait əvvəlcə debit karta yönləndirilir, sonra isə kredit kartına köçürülərkən komissiya tutulur. Bu isə istifadəçidə haqlı narazılıq yaradıb: “Özü-özündən komissiya tutan bank olar?!”
Qurban Hüseynov qeyd edib ki, istifadəçi şərtlərində bu barədə məlumat ola bilər, lakin belə bir qaydanın mövcudluğunun müştəriyə açıq şəkildə bildirilməlidir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.